29.03.13
Bir neçə gün öncə Elvüsal Məmmədovla yazışmam olub. Bu yazışma sünni-şiə problemləri axınında getsə də, orara bir sıra fəlsəfi məsələlərə də toxunulub. Buna görə də yazışmamızı ilginc sayaraq, olduğu kimi verirəm.
E. M. Livanda sünnilər və şiələr məzhəb təxribatı əleyhinə canlı sipər olublar
A. A. Xeyri yoxdur. Hər yerdə açıq sünni-şiə qarşıdurması varsa, bu sipər nəyi dəyişəcək?
E. M. Ən azından kimin kim olduğunu, mövqeyini ortaya qoyacaq... Eyni məntiqlə yanaşsaq, gərək haqqın, ədalətin, sülhün bərqərar olmağı üçün iş görməyək, naümüd halda oturaq...
A. A. Elvüsal bəy, çıxış yolu sipərdə dedil. Çıxış ənənəvi müsəlman yanaşmalarının yeniləşməsində, modernləşməsindədir. Bu olmasa heç nə dəyişməyəcək. Ənənəvi baxışların böhranda olması hələ rəhmətlik Cəlilin və Sabirin sağlığında bəlli idi. İndi isə modernləşmə yolunu getmək yerinə müsəlmanlar həmən böhranlı yolu gedirlər. Sonu da bax budur. Göz qabağında.
E. M. Aydın müəllim, bu başqa mövzudur. Bir də ki sizin görünür, məzhəblərlə bağlı məlumatınız ya səthidir, ya da qonşudangötürmədir. Yoxsa, bu məqamda asanlıqla modernləşmədən söz açmazdınız...
A. A. Doğru. Məınim bilgilərim çox azdır. Ancaq gözlərim var və çevrəmdə olanları görürəm. Başlıca da budur ))
E. M. Tutarlı mühakimə üçün adi müşahidə bəs etmir... Ətrafda nəyin nə üçün baş verdiyini başa düşmək və bunun qarşısını almaq üçün empirik-müqayisəli metod lazımdır :)))
A. A. Dediyiniz də mütləq deyil. Ənənəvi fəlsəfədir və ilahiyyatdır hər şeyin səbəblərini araşdırmaq. Səbəblər sonsuzluğa gətirir və heç nəyi dəyişmir. İndiki müsəlman ənənəvi düşüncəsi kimi. Modern, pozitiv, postmodern fəlsəfələrdə isə səbəblərə varmağın heç bir mənası yoxdur. Səbəblərə varmaq hər şeyi dolaşdırır. Əslində gerçəklikdə nə varsa, onun üzərində işlənməlidir. Sonluq da göz qabağındadır. Onlar hara - ənənəçilər hara. Dünyanı irəliyə aparan onlardır. Həm də hər şeyin meyarı praktikadır. Nəzəriyyədə, kitablarda gözəl görsənən çox şey var. Ancaq gerçəklikdə onlar özünü necə göstərir? Başlıca sual budur. Gözəl deyilmiş sözlər və qafiyələr deyil.
E. M. Ümumi yanaşma naxımından qeydləriniz müəyyəm mənada qəbulediləndir. Lakin ənənədən imtina pozitiv fikir üçün doğrudur. Dini təlimlərin formalaşdırdığı fikirdə ənənə dediyiniz şey əlin sağı ilə kənara qoyulacaq qədər adi deyildir... Məzhəblərə gəlincə, xüsusilə də şiə məzhəbinin üsul əsaslarından biri kimi qəbul edilən imamət və bunu qəbul etməyənlərin "kənar" olaraq səciyyələndirilməsi indiki dövrdə nəzəri müstəvidə məzhəb gərginliyinin şərtləndirən amildir. Sizin yanaşmanız ona görə bu məqamda təsirli deyil ki, nəzəri müstəvidə məzhəblərarası gərginliyə gətirib çıxarmış imamət düşüncəsini "keçmişdə qaldı" yanaşması ilə bir kənara atmaq qeyri-mümkündür. Bu addımın atıldığı təqdirdə şiə məzhəbinin mövcudluğu sona yetəcəkdir. Bu mühüm və çoxlarının, o cümlədən sizin nəzərinizdən qaçan amili aradan qaldırmaq əvəzinə, hər kəs öz fikrində qalmaqla birlıikdə dinc yaşama fəlsəfəsini əldə bayraq etməlidir.-, - məhz bu problemdən xilas olmağın ən optimal versiyasıdır...
A. A. Şiə və sünniliyin özlüyü, dəyərləri və fəlsəfəsi bənzərdir. Bu bir sikkənin iki yanıdır. Hər ikisi ehkamlar toplusudur. Ehkamlar da tanrımərkəzçiliyinə dayanır. Problemlərsə tanrımərkəzçiliyi ilə çözülə bilməz. Çünki orada insan problemi ikinci dərəcəli olur. İnsanmərkəzçiliyinə keçid olmasa heç nə olmayacaq. Elə gəlişmiş dünya da buna görə irəliləyib. Hələ Renessans çağında anladılar ki, Tanrıya heç nə gərək deyil. Gərəkli olan insandır. Buna görə hər şey onun üçün, onun ehtiyacları və ilgiləri üçün olmalıdır.
Şiələr də, sünni də Tanrı problemlərini şözmək istəyirlər. Halbuki, Tanrının buna ehtiyacı yoxdur. Onlar ilk olaraq Tanrını deyil, özlərini, hər bir insanı, onun ilgilərini önə çəksələr, hər şeyi Tanrı üçün deyil, insan üçün etsələr, bax onda problemlər çözülər. Yoxsa imamət var ya yox çəkişmələrində çəxəş yolu tapmaq mümkünsüzdür.
E. M. Qeyri-real və ultra-subyektiv, həm də inkarçı mövqe... Qərbin heç özlərinə lazım olmayan fəlsəfəsi sizi yaman ovlayıb, Aydın müəllim... Özdən imtina özgələşməkdir... Düşüncədə özgələşmək isə yox olmaqdır...