Nənəm Pəri xanımın qardaşı
Dadaş Həsənzadə (Həsənov)
(1897-1927)

Azərbaycan siyasi xadimi, Sovet rejiminə qarşı Azərbaycan müqavimət hərəkatının başçılarından biri, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizə aparmış şəxs idi.

Şuşa şəhərində 1897-ci ildə tacir ailəsində doğulmuşdur. Atası Əbdül Hüseyn 1905-ci ildə ailəsi ilə Bakıya köçmüşdür və burada daha da varlanmışdır. 1920-ci ildə bütün əmlakı bolşeviklər tərəfindən müsadirə olmuşdur.

Dadaş gimnaziyanı bitirəndən sonra, 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1924-cü ildə universiteti bitirəndən sonra həkim (terapevt) işləmişdir.

1919-cu ildə “Müsavat” partiyasının üzvü olmuşdur.

1920-ci ildə Azərbaycanı bolşevik Rusiyasının ordusu işğal edəndən və sovet höküməti qurulandan sonra Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının ən fəal üzvlərindən biri idi.

Evlənməmişdir. Uşaqları olmamışdır. Novruz adlı qardaşı, Pəri və Gülsəba adlı bacıları var idi.

M. Ə. Rəsulzadənin qaçırılması əməliyyat

1922 ildə “Müsavat” partiyasının gisli müqavimət təşkilatının ən uğurlu əməliyyatlarından biri M. Ə. Rəsulzadənin Finlandiya sərhədindən Avropaya qaçırılması olmuşdur. Bu əməliyyatın birbaşa icraçıları Dadaş Həsənov, Rəhim bəy Vəkilov və tanınmış tatar maarifçisi Musa Cərullah Bigiyev olmuşdurlar. Dadaş Həsənova Avropaya mühacirətə getmək təklif olunmuşdur. Ancaq o bundan imtina edərək Bakıya qayıtmış, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini davam etdirmişdir.

Müsavatın gizli müqavimət təşkilatının rəhbəri

1923-cü ilin payızında “Müsavat” partiyasının rəhbərliyinin tapşırığı ilə Dadaş Həsənov Tiflisə ezam olunmuşdur. Orada o gürcü menşevikləri ilə Sovet rejiminə qarşı üsyanın hazırlanması haqqında danışıqlar aparmış, razılığa gəlmişdir. O bilavasitə Gürcüstan üsyanını hazırlayan Noy Homeriki (1924-cü ildə güllələnmişdir) ilə anlaşmaya gəlmişdir. Bundan sonra Bakıdakı gürçü menşeviklərinin nümayəndəsi Qriqori Salukvadze ilə mütamadi əlaqə saxlamışdır.

Ancaq o zaman Bakıda sovet xüsusi xidmət orqanları “Müsavat” partiyasının gizli təşkilatınına qarşı əməliyyat keçirmişdir, partiyanın rəsmi orqanı olan “İstiqlal” qəzetinin mətbəəsi darmadağın edilmiş, bir çox fəallar həbs edilmişdir. Təqiblərdən qurtarmaq üçün gizli təşkilatın başçısı Mirzəbala Məmmədzadə İrana qaçmalı olmuşdur.

Bu hadisələrdən sonra 1923-cü ildə Dadaş Həsənov “Müsavat” gizli təşkilatının başçılığını öz üzərinə götürmüş və onun fəaliyyətinin bərpa edilməsi üçün çoxlu işlər görmüşdür. O təşkilatın Əhməd Hacınski, Əbülfəz Balayev, Əbdül Əbdülzadə, Əli Yusifzadə və bir sıra başqa şəxslərdən ibarət olan idarə heyyətini təyin etmiş və onlarla mütəmadi olaraq toplantılar keçirirdi. Bu toplantılar tam məxfi olaraq qərargaha çevirilmiş Dadaş Həsənovun mənzilində keçirilirdi.

Silahlı üsyanın hazırlanması

Ancaq sovet xüsusi xidmət orqanları təqibləri davam etdirmişdir. Bu təqiblərə baxmayaraq, Dadaş Həsənov və onun silahdaşları silahlı üsyana hazırlığı davam etdirmişdirlər. Bunun üçün o mühacirətdəki musavatçılarla sıx əlaqə saxlamış, oradan təbliğat xarakterli ədəbiyyat və vərəqələr almışdır. Bundan sonra Azərbaycanın bütün bölgələrində təbliğat işi aparılmışdır. Gizli müqavimət təşkilatın fəalları Qızıl Ordunun hissələrində belə təbliğat aparmış, əsgərləri öz tərəfinə çəkməyə cəhdlər etmişdirlər.

Üsyanı qürcülərlə birlikdə həyata keşirmək planlaşdırılmışdır. Öncə üsyan Gürcüstanda başlamalı, sonra isə Azərbaycana yayılmalı idi. Ancaq Gürcüstanda 1924-cü ilin avqust ayında qiyam [1] başlasa da uğursuzluqla nəticələndi. Orada üsyançılar bir neçə gün ərzində Qırmızı Ordu tərəfindən məğlub edildi. Ona görə də Azərbaycanda silahlı müqavimətə başlamaq imkansız oldu.

Bundan sonra 1925 - 1926 illərdə Müsavat partiyasının gizli təşkilatı öz sıralarını möhkəmləndirmək və imkan düsəndə yeni üsyan hazırlamaq işi ilə məşğul olmuşdurlar. Bu zaman Azərbbaycanın müxtəlif bölgələrində müsavatçıların gizli toplantıları keçirilmiş, təbliğat aparılmışdır. Bu işlərə də Dadaş Həsənov rəhbərlik etmişdir.

Həbsi və Solovki düşərgəsinə sürgün edilməsi

Nəyayət Sovet xüsusi xidmət orqanları Müsavatın gizli təşkilatının fəaliyyətini izləyərək onu aşkar etmişdirlər. 11 mart 1926-cı ildə onun rəhbəri Dadaş Həsənov və onun ən yaxın silahdaşları həbs edilmişdirlər. Bundan sonra müqavimət hərəkatının başqa nümayəndələri təqib olunmuş, çoxlu sayda adam həbs edilmişdir. Onların hamısı mühakimə olunaraq Rusiyanın şimalında yerləşən Solovki həbs düşərgəsinə sürgün edilmişdirlər. Bu iş Sovet xüsusi xidmət orqanlarının arxivlərində “Dadaş Həsənov və başqalarının işi” adlanmışdır.

Dadaş Həsənov da Solovki həbs düşərgəsinə sürgün edilmiş və orada 28 yanvar 1927-ci ildə güllələnmişdir.

Haqqında

1. Məhəmməd Əmin Rəsulzadənin xatirələrindən:

" Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, doktor Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. [2] "

2. Əbdülvahab Yurdsevərin xatirələrindən:


" Müsavatın gizli Mərkəzi Komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim bəy Vəkillini və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərərək M.Ə.Rəsulzadə ilə əlaqə yaradılmışdı. M.Ə.Rəsulzadəyə təklif olunmuşdu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi. [3] "

3. Hüseyn Baykaranın xatirələrindən:

" Bir gün Əhməd Cavadla qeyri-leqal milli-azadlıq komitəsinin rəhbəri doktor Dadaş Həsənzadə və komitənin liderlərindən biri olan Rəhim bəy Vəkilli ilə rastlaşdıq. Uzun danışıqlardan sonra mən (H. Baykara) qeyri-leqal komitənin görkəmli nümayəndələrinin bir hissəsinin müvəqqəti olaraq Azərbaycandan çıxıb getməsini təklif etdim. Onların hər üçü mənim bu təklifimə qarşı çıxdılar və dedilər: "Mən gedim xarici ölkəyə, sən get, o getsin, çox yaxşı, bəs bu bədbəxt və talesiz günləri millətlə kim bölüşsün?". Çox yaxşı xatırlayıram, Əhməd Cavad və Rəhim bəy Vəkilli mənim sözlərimə çox hirsləndilər və bir daha belə sözlər danışmamağı söylədilər. O vaxtdan düz yarım əsr keçmişdir. Azadlıq uğrunda mübarizə aparan bu üç azadlıq aşiqi sözlərinə sadiq qalmış, Azərbaycan xalqının bədbəxt günlərini xalqla birgə yaşamışlar. Doktor Dadaş Həsənzadə güllələnmiş, Rəhim bəy Vəkilli özünü öldürmüş, Əhməd Cavad isə Sibirə sürgün olunmuş və ondan bir daha heç bir xəbər gəlməmişdir. [4]

İstinadlar:

1. Bu məqalədə təsdiq edilir ki, Gürcü menşevikləri Azərbaycan müqavimət təşkilatının nümayəndələri ilə danışıqlar aparmışdırlar. Orada deyilir: "They also hoped that the Georgian revolt would further other Caucasian peoples to rise in arms, but the secret negotiations with Armenian and Azeri nationalists yielded no results" (Onlar (gürcülər) həmdə ümid edirdilər ki, başqa Qafqaz xalqları onları dəstəkləyəcək, ancaq ... Azərbaycan milliyətçiləri ilə məxfi danışıqlar nəticəsiz oldu).
2. Rəsulzadə M. Ə. Azərbaycan davası // "Azərbaycan" jurnalı № 2-3 (27-28). İstanbul, 1954. Sitat bu məqalədə gətirilir.
3. Ə.V. Yurtsever. Gizli "Müsavat" teşkilatının harakteristik vazıfaları // "Azərbaycan" jurnalı № 2-3 (27-28). İstanbul, 1954, səh.18. Sitat bu məqalədə gətirilir.
4. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. İstanbul, 1975. Sitat bu məqalədə gətirilir.

 

Fotoşəkillər

1. Gimnaziyada. 2 noyabr 1914. Yuxarıdan ikinci cərgədə üçüncüdür.


2. Gimnaziyanın sonuncu ili, yoldaşları ilə (soldan ikincidir). 1918


3. Gimnaziya şəkilləri



4. Yelisavetpol (Gəncə) notariusu tərəfindən Dadaş Həsənova verilmiş şəxsiyyət vəsiqəsi, 1918.



4. Azərbaycan Dövlət universutetinin Tibb fakultəsisinin dərsində 1923. (İkinci cərgəd soldanə birincidir)



5. Daha bir tələbəlik şəkili, 1923


6. Vəsiqə. Doktor Həsən Dadaşova ona görə verilmişdir ki, o 1925-ci ilin yay mövsümündə Lənkaran yaxınlığındakı Bağırov adına Yuxarı Ənci sanatoriyasında ordinator və laboratoriya müdiri vəzifəsində çalışmışdır. Öz işinə vicdanla yanaşmış, yüksən bilik və bacarıq sərgiləmişdir.   Sanatoriyanın baş həkimi tərəfindən verilmişdir.

7. Həbsdən bir qədər öncə çəkdiyi şəkili, 1926

 

8. NKVD-nin həbsxanasında Əhməd Hacınski (solda) ilə çəkdiyi şəkil və arxasındakı yazı 1926



Yazının mətni: Hörmətli anama və bacılarım Pəri və Gülsəbaha və qardaşım Novruza məhbəs xatirələri olaraq təqdim edirəm 9 sentyabr 1926. Bakı 2-ci həbsxana.

9. Gizli Müsavat təşkilatının fəalları Dadaş Həsənov (4), Əhməd Hacınski (1), İsmayıl Qasımzadə (2) və başqalar NKVD-ninı həbsxasında. Şəkilin arxasında onlarınhamısının adları var, ancaq oxuya bilmədim. 1926 il. Nənəmin dediyinə görə, o bu şəkili Dadaşla türmədə görüşündə almış və onu saçlarının arasında gizlədib oradan çıxarda bilmişdir.


Dadaşın atasının ona məktubu

Dadaşın atası Əbdül Hüseyn çox varlı bir tacir olmuşdur. 1905-ci ildə Şuşadan Bakıya gəlib, burada daha da varlanmışdır. Evi indiki Süleyman Tağızadə küçəsindəki dalanda idi. Onun gəmisi var idi, malları Bakıya Həştərxan və İrandan dənizlə gətirirdi. Dükanı da indiki “Azərbaycan” kinoteatrının binasında idi. Bundan başqa neft buruğu da olmuşdur. Orada fəhlələri işlədirdi.

Ancaq 1920-ci ildə Sovet höküməti qurulan kimi onun bütün varı-dövləti müsadirə edildi. Ailəsi zənginlikdən yoxsul vəziyyətə düşdü. Bundan sonra Əbdülhüseynin səhhəti korlandı və o 1922-ci ildə rəhmətə getdi. Onun həyat yoldaşı Güllü və 4 üşağı – Dadaş, Novruz, Pəri və Gülsəba qaldı. Dadaş 1923-26 illərdə Musavat partiyasının Azərbaycanda gizli fəaliyyət göstərən təşkilatına rəhbərlik edirdi. O Məmmədəmin Rəsulzadəni Azərbaycandan qaçırmışdı. Sonra Sovetlərə qarşı silahlı üsyan hazırlayırdı. Ancaq bu baş tutmadı. Onu isə 1926 ildə tutub küllələdilər. Qızı Pəri (mənim nənəm) də ilk savadlı Azərbaycan qadınlarından biri idi, "Şərq qadını" jurnalının məsul katibi idi. 1937 ildə onun əri nazir İskəndər Əliyev tutulandan sonra Bakıdan qaçmalı oldu.

Aşağıdakı məktub Məşədi Əbdülhüseynin ailəsinə ölümündən qabaqkı son sözləri idi.

 

Bəradəri mükərrəm İbrahim (kiçik qardaşı) və nuri çeşmim Dadaş (böyük oğlu)!

Layiqe ərzi salam duadan sonra məlum edirəm ki, əgər bu operasiyada mənim başıma bir iş gəlsə, burdan məni gotürərsiniz Hacı İmam Əli məscidinə və orada bol su var və irahat yer var. Sizin üçün hasand olar məlum olsun ki, evdə ağ da var pambıq da, karıxmayasız.

Aparıb nənəmin yanında dəfn edərsiz. İki gün evdə oturarsınız üç gün sonra yığışarsınız. Evdə də uşaqları ağlaşmağa qoymayın.

Və bir də Dadaş və İbrahim, Güllünü (həyat yoldaşı) incitməyin çünki onun heç bir kəsi yoxdur. Hər kim ona hörmət eləyər mənə eləyər, hər kəs onu incitsə məni incidər və Allah məni incidər. Onun yaxşı işini öz xatirəsi üçün eləyin, pis işini mənə keçin və bir də o pis ağlayır, ağlasa uşaqlar da ağlar.

Vvə Novruz (kişik oğlu) şikəstdi ondan həmiyyət olun. Pərini (böyük qızı) oxudun. Gimnaziyanı da qurtarınca da Gülsabahdan (kişik qızı) muğayat olarsınız.

Qərəz, evdə bikeflik olmasın. Neynəmək, hamı öləcək. Nə qədər burdadı hörmət edərsiniz, getsə yaxşı yola salarsınız, çünki çox zəhmət çəkib. Qərəz can sizin, can Güllünün. Əmanətdir. Heç vaxt ona acıqlanıb pis söz deməyiniz, hər kəs onu incitsə yanıma donuz sifətində gəlsin. Və bir də Dadaş və İbrahim, uşaqları və Güllünü pis söz deyib incitsəniz bilin ki, qəbirdə irahat yatmaram. Allah sizi salamat eləsin. Xudahafiz. Əz tərəfi Əbdül Hüseyn Həsənov

( Kağızın kənarında) Mənim bu sözlərimə yaxşı qulaq asarsınız. Sizi and verirəm Allaha əməl edərsiniz.