Qnostisizm
Qnostisizm (yunanca “gnostikos” – bilən) antik dövrünün sonunda (I-V əsrlərdə) yaranmış dualist dini təlimdir. Bu təlimdə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyaları qarışmış, sinkretik hala gətirilmişdir. Qnostisizm ezoterik [1] bir təlim idi, onun ardıcılları deyirdilər ki, onlara Tanrı və dünyanın sonu haqqında biliklər verilmişdir. III əsrdə yaranan Mani dininin tarixi kökləri də qnostisizmlə bağlıdır.
Qnostisizmin yaranmasının əsas səbəbini ellinizm dövründə qədim yunan polislərinin tarix səhnəsindən silinməsində, böyük imperiyaların yaranmasında, müxtəlif mədəniyyətlərin və dini-fəlsəfi təlimlərin bir-biri ilə qarışmasında, esxotoloji (axirət) əhval ruhiyyəsində, mistik ənənələrin inkişafında görürlər.
Bütün qnostiklərin təlimlərində aşağıdakı xüsusiyyətlər vardır:
1. Ezoterizm. Bütün insanlar “maddi” (bədənlə bağlı olanlar), “ruhi” (psixiklər) və “mənəvi”lərə (pnevmatiklər) bölünürlər. Yalnız “mənəvi” insanlara əsl mistik biliyin (qnosisin) mahiyyəti açılır.
2. Dualizm: Bütün varlıq ikili şəkildə qəbul edilir, xeyrlə şər bir birinə qarşı substansional səviyyədə qoyulur. Bütün maddi aləm şərdir. O mənəviyyatın zindanıdır. Bu zindandan azad olub xeyrə qovuşma yalnız İlahi biliyə (qnosisə) malik olan insanlar tərəfindən həyata keçirilə bilər. Şərdən ayrılaraq qnostik öz mənəviyyatını həqiqi Tanrının bir hissəsi olduğunu duyur.
3. Maddi dünya Mütləqdə olan bir səhvin nəticəsidir. Bu səhv nəticəsində zülmət qüvvələri nurla dolu aləmlərə daxil olublar. Bu proses aşağıdakı qaydada baş verib: Tanrı olan doğulmamış Ata özünü eon adlandırılan varlıqlarda təzahür edir. Bu eonlar əsasən cütlüklərdən ibarətdir. Eonların tamlığı İlahi tamlıq - pleromanı təşkil edir. Lakin eonlaran birinin təkəbbürü nəticəsində, o pleromadan ayrılır və bundan sonra kosmosun yaranması (kosmogenez) baş verir, müxtəlif aləmlər yaranır. Ən alçaqda yerləşən aləm isə bizim yaşadığımız dünyadır. Qnostiklərin əksəriyyəti onları simalaşdırıb, onlara konkret şəxs kimi baxırdılar.
3. Maddiyyatdan xilas olmanın zəruriliyi: Pleroma öz tamlığını bərpa etmək istəyir. Bu isə yeni eonun yaranmasına təkan verir. Bu eon İsadır və ya İsa ilə Xristosun cütlüyü. O, bu dünyaya enir və seçilmiş, mənəvi cəhətdən yüksəlmiş insanlara həqiqi biliyin (qnosisin) nə olduğunu öyrədir. Adətən İsanın bir bədənə malik olması aldadıcı, yalnız zahirən görünən hesab edilir (doketizm). Dünya hissəciklərinin hamısının pleromaya qayıtmasından sonra maddiyyat yenidən xaos halına qayıdacaq.
4. Zahidlik xilas olmanın şərtidir.
5. Tanrı bu dünyadan çox-çox uzaqlardadır (transsendentdir). Onun təbiəti fərqlidir. Dünya isə ən alçaqda yerləşən qüvvələr tərəfindən yaradılıb. Onlar Tanrı tərəfindən yaradılsa da, onun haqqında heç bir biliyə malik deyillər, Onun dərk edilməsi yolunda bir maneədirlər. Bu qüvvələrə arxontlar (hökmdarlar) deyilir.
6. Bütün kainat arxontlara tabedir. Onları bəzən Əhdi-Ətiqdə hallanan Tanrının adları ilə adlandırırlar (Savaof, Adonay və s.). Dünyanın ətrafında isə bir neçə kosmik dairələr vardır. Bu dairələri də arxontlar idarə edir. Dünyanın yaradılması işində arxontların ən böyüyünün müstəsna rolu vardır. Onun adı Platonun «Timeus» (Timaeus) əsərində olduğu kimi “Demiurqosdur” (Demiurgos). Arxontların istibdad hakimiyyəti isə “ hermogenus” (dünya taleyi) adlanır.
\
7. İnsan bədən, mənəviyyat (pnevma) və ruhdan ibarətdir. Bədən və ruh dünyanın tərkib hissəsi olaraq germagenə tabedir. Hermogen isə təbiət qanunlarıdır, lakin, eyni zamanda, insan cəmiyyətində o Musaya verilmiş yəhudi qanunudur. Ruhun içində yaşayan mənəviyyat isə İlahi nurun hissəciyidir, və o zindanda saxlanılır. Əsarətdə olan mənəviyyat pleromadan təcrid olunub və özünü onun hissəsi kimi dərk etmir. Onun dirçəlməsi isə bilik (qnosis) vasitəsilə əldə edilə bilər. İnsan yalnız zülməti yarıb, nura yönələrək xilas oluna bilər. Ölümdən sonra biliklə (qnosislə) qidalanmış mənəviyyat (pnevma) dairələri ən yuxarı dairələrə yüksəlir.
Mənəviyyatları inkişaf etmiş və qnosisə bələd olan adamları pnevmatik adlandırırlar. Pnevmatiklər bu dünya ilə barişmaz mübarizədədirlər. Bu barışmazlıq bir tərəfdən tərkidünyalıqla, başqa tərəfdən isə (bəzi təriqətlərdə) əxlaqsızlıqla nəticələnir. Yəni dünyanın inkar edilməsi, onda mövcud olan qanunların da inkar edilməsi ilə nəticələnir. Əxlaqsızlığı karpokratçılar təriqəti təbliğ edirdi. Onlar həm də ruhların köçməsinə inanırdılar. Beləliklə bu təriqətə görə günah xilasa doğru aparan bir yoldur. Onların fikrincə, əgər pnevmatik hermagendən azaddırsa, onda dünyaya bağlı olan və onun realığını əks etdirən qanundan da azaddır.
Qnostisizm antik dünyada xristianlıqdan öncə yayılmışdır. Lakin xristianlıq yayılmağa başlayanda qnostiklər onunla paralel fəaliyyət göstərirdilər, qarşılıqlı münasibətlər qururdular. Bunun nəticəsində xristian qnostisizmi yaranmışdır. Bundan öncə isə qnostisizm yəhudiliyə də yol tapmışdı.
Xristianlığı qəbul edən ilk qnostiklərdən biri Əhdi-Cədiddə adı çəkilən Simon Maq olmuşdur [2]. Orada o cadugər kimi təsvir olunur. Bu adam həvari Petrusun əleyhdarı olub və Müqəddəs Ruhu pulla almaq istəyib [3].
Xristian ənənəsində Simon bütün küfrlərin atasıdır. O özünü ilahi hesab edirdi. İrineus (Irenaus) [4] yazırdı ki, Simon özünü tanrı elan edərək, Helena adında bir qadını Tir şəhərinin fahişəxanasından pulla almışdır. Helena onu hər yerdə müşayət edirdi. Simon Helenanı özünün ilk təfəkkürü (yun. Ennoia) adlandırırdı.
Sonra Ennoia Atadan ayrılıb aşağı dairələrə enmişdir. Orada o, məlakələri yaratmışdı. Dünyanı yaradan qüvvələr də ondan yaranmışdı. Ata haqqında isə o qüvvələrin xəbəri yox idi. Sonra bu qüvvələr İlk təfəkkürü (Helenanı) əsir götürdülər və Atadan onu təcrid etdilər. Nəhayət onlar onu insan bədəninə saldılar. O da müvəqqəti olaraq nəsildən nəsilə müxtəlif insanların bədənlərində yaşayırdı. Helenanı bu əsarətdən xilas etmək üçün Ata özü yerə endi. Eyni zamanda o insanları da xilas etmək üçün gəldi.
Simonun ardıcılları magiya ilə məşğul olublar və əxlaqsız həyat tərzi sürüblər. Onları simonianlar adlandırırdılar [5].
Simon Maqın ideyalarına oxşar ideyalara Misirin Naq Xammadi vadisində tapılmış qnostik apokriflərdə də rast gəlmək olar. Orada da Ali Tanrı öz Təfəkkürünü (Əqlini) doğur. Sonra o Əql dünyanı yaradır, lakin sonra yaratdığı qüvvələr tərəfindən əsir edilir [6].
Naq-Hammadidə tapılmış qnostik əlyazmaların nümunələri
|
Daha bir xristian qnostiki Dositey idi. O deyirdi ki, əslində Xristos olan xilaskar o özüdür. Digər bir Menandr adlı qnostik haqqında Yustinus xəbər verir. O da özünü bəşəriyyətin xilaskarı elan edib [7]. Karpokrat və onun tələbələri hesab edirdilər ki, şər və xeyir anlayışlarını yalnız kamil olmayan insan düşüncəsi yaradır. Yüksəlmiş, əsl biliyə (qnosisə) malik insan hər bir əməldən keçməlidir və müxtəlif həyat tərzi keçirməlidir. Bunları etməsə, onun ruhu ölümündən sonra yenidən bədənə salınıb, dünyaya gələcək . |
Ən tanınmış xristian qnostiklərindən biri Vasilid olub. O, II əsrin birinci yarısında İsgəndəriyyədə yaşayıb. Vasilid eyni zamanda xristian ilahiyyatçısı idi. Onun əsərlərindən fraqmentlər İsgəndəriyyəli Klemensin və Origenusun kitablarında gətirilir. Onun fəlsəfi fikirləri haqqında isə İrineus və Hippolitus (Hippolytus ) [9] xəbər vermişdirlər.
İrineusa görə, Vasilid hesab edirdi ki, Tanrı altı qüvvəni yaradıb, onlardan isə çoxlu sayda məlakələr əmələ gəlib. Bu hiyerarxiyanın sonunda aşağıda duran qüvvələr var. Onlar bu dünyanı yaradıb. Bu qüvvələrin başında yəhudi Tanrısı durub. O, bütün dünyanı yəhudi xalqına tabe etmək istəyirdi. Buna görə də müharibə başlandı. Bunu görən Ali Tanrı öz Əqlini (və yaxud Xristosu) dünyanı xilas etmək üçün yerə yolladı. Əslində Xristos yəhudiləri aldadmışdı. Onu edam etmək istəyən yəhudilər onun yerinə Xristosa oxşayan Kirenalı Simonu çarmıxa çəkmişdilər [10]. Hippolitus isə onun haqqında yazırdı ki, Tanrı hər bir varlıqdan üstündür. Bu səbəbdən ona varlıq demək olmaz [12]. Dünya isə heç nədən yaranır, özü də heç nədir. O, yalnız hər şeyin imkanı, potensiyası, toxumudur. Beləliklə Hippolitus tərəfindən xəbər verilən Vasilidin fikirləri İrineusun xəbərlərindən fərqlidir.
Qnostiklərin ikonası |
Vasilidə görə qnostik təlim insanın daxili təbiətinin oyanması ilə nəticələnir. İnsan heyvandan fərqlənməlidir, onun mənəviyyatı ucalara yüksəlməlidir. Qnosis insana öz həqiqi mahiyyətini bilməyə imkan yaradır. |
[2] Həvarilərin işləri 7: 5-24.
[3] “Simoniya” sözü Simon Maqın adından yaranıb. Simoniya Xristianlıqda kilsə vəzifələrini pulla almaq adətinə deyilir. Bu adət bir zamanlar çox geniş yayılmışdı.
[4] Lionlu İrineus (130-200) xristian ilahiyyatçısı, Lion şəhərinin yepiskopu, qnostisizmin əleyhinə «Adversus haereses» (Hereslərin əleyhinə) kitabını yazmışdır.
[5] Irenaeus, Adversus haereses I, 23: 1-4.
İngiliscə: Irenaeus Against Heresies // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A.D. 325. Volume I. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885.
Rusca: Св. Ириней Лионский. Творения. M.: Паломник-Благовест, 1996. Репринтное воспроизведение издания: Сочинения святаго Иринея, епископа Лионскаго. СПБ, 1900.
[6] Naq Hammadi codex, II, 6; “Exegesis on the Soul”// The Naq hammadi Library in English. Revized edition, San-Francisco, 1988, pp. 181-187.
[7] Justinus. Apologia I, 26, 4.
İngiliscə: The First Apology // Excerpted from Ante-Nicene Fathers, Volume 1, Edited by Alexander Roberts & James Donaldson. American Edition, 1885. http://www.newadvent.org/fathers//0126.htm
Rusca: Апология I // Св. Иустин, философ и мученик. Творения. M., Паломник-Благовест, 1995. C. 31-105.
[8] Irenaus, Adversus haereses I, 26.
[9] Irenaus, Adversus haereses I, 25.
[10] Romalı Hippolitus (170-236) – məşhur xristian ilahiyyatçısı, «Refutatio omnium haeresium» (Bütün hereslərin təkzib edilməsi) kitabının müəllifi.
[11] Irenaus, Adversus haereses I, 24.
[12] Hippolytus, Refutatio VII, 20.
İngiliscə: Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A.D. 325. Volume V. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885.
[13] Emanasiya (latınca “emanatio” - axma, yayılma) – hər şeyin əsasını təşkil edən Ali varlığıq (Vahidin) yüksək pilləsindən kiçik pillələrinə ontoloji keçid mənasını daşıyan, neolatonizmdə istifadə edilən fəlsəfi termindir. Emanasiyanın ən yayılmış olan təsviri - günəş və ondan ayrılan nur (işıq şüaları) – xristian ilahiyyatında geniş istifadə edilir.
[14] Clemens. Stromata, IV, 89-94.
İnciliscə: The Stromata, or Miscellanies // Ante-Nicene Fathers. The Writings of the Fathers Down to A.D. 325. Volume II. T&T Clark, Edinburg; WM. B. Eerdmans Publishing Company, Grand Rapids, Michigan: 1885.
Rusca: Критика воззрений Валентина // Климент Александрийский. Строматы. Перевод с древнегреческого и комментарии В. В. Афонасина. Издательство Олега Абышко. СПб, 2003. (в 3-x тoмax).
[15] Heres (yunanca hairesis) - rəsmi kilsə tərəfindən rədd edilən hər bir fikir, əqidə, istilah və s.
[16] Irenaeus. Adversus haereses I, 29.
[17] Korinflilərə 1-ci məktub 2: 11-16.