VI Fəsil

QƏRBDƏ KİLSƏ ATALARI

 IV-V əsrlərdə kilsə ataları

Roma imperiyasının qərbində kilsə ataları yunandilli şərqdə istifadə edilən ekzegetika metodlarından istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir körpü rolunu oynamışdırlar.Patristika dövrünün Qərb mütəfəkkirlərindən biri, Puatye şəhərinin yepiskopu Piktaviyalı Hilarius (Hilarius Pictaviensis) (315-366) olmuşdur. O, Sisseron, Seneka kimi antik filosofların əsərləri ilə tanış olmuşdu. Digər tərəfdən, xristian mütəfəkkilləri olan Origenus, İsgəndəriyyəli Atanasios, Kiprian (Cyprianus) kimi ilahiyyatçıların fikirlərini də öyrənmiş və onlardan bəzilərinin kitablarını yunan dilindən latın dilinə tərcümə etmişdir.

Hilariusun əsas məqsədi, xristian təliminin sistemləşdirilməsindən ibarət idi. Bu yolda o, öz səylərini İlahi Üçlüyün birliyini fəlsəfi üsullarla əsaslandırılmasına yönəltmişdir. Ata-Tanrı ilə Oğul-Tanrının, “doğulmayan” ilə “doğulanın” mahiyyətcə bir olmasını (konsubstansionallığı) xüsusilə vurğulayırdı. Bununla Hilarius arinanlıqla mübarizə aparırdı.

Şərqdə bu işi Atanasios və onun tərəfdarları həyata keçirirdilər. Onlar öz dəlillərini əsaslandırmaq üçün neoplatonizm idealarından istifadə edirdilər. Onlardan fərqli olaraq Hilarius, Qərbdə daha çox yayılmış stoisizm ideyalarından istifadə edirdi. Lakin o stoiklərin ideyalarını xristian ehkamları nöqteyi-nəzərindən qəbul edib, onları sintez halına gətirmişdi. Nəticədə o, 12 kitabdan ibarət «De Trinitate» (Üçlük haqqında) əsərini yazmışdır.

Hilarius imanla düşüncənin bir-biri ilə ziddiyyət təşkil etmədiyi qərarına gəlmişdir. Onlar ahəngdədirlər. Dini ehkamlar elmi nöqteyi-nəzərdən tədqiq edilə bilər. Sonra bu cür fikirləri Avqustinus daha da inkişaf etdirmişdir.

Hilariusun fikrincə, həm iman, həm də düşüncə İlahidəndir. İnsan düşüncəsi Tanrının obrazıdır. Tanrının mənəvi axtarışları da düşüncə vasitəsi ilə edilir. Bu axtarışlar dünya fəlsəfəsinin əsasını təşkil edir[1]. Tanrıya ən yaxın olan filosoflar-stoiklərdir. Ondan uzaqlaşanlar isə epikurçulardır. Lakin Tanrı haqqında ən doğru məlumatı Müqəddəs Kitab verir.

Konsubstansionallığı subuta yetirmək istəyən Hilarius, stoiklərin fəlsəfəsindən istifadə edirdi. Stoiklərdə, hər bir fərdi şeyin əsasında, bu şeylərdə təzahür edən və çoxalan, lakin, eyni zamanda, öz birliyini və tamlığını saxlayan təbiət durur. Ondan heç nə əksilmir. Bu fikri əsas götürən Hilariusa görə, İlahi Üçlüyün hər bir şəxsində eyni İlahi təbiətin üçlü modifikasiyasıdır. Bu modifikasiyalarda o, öz eyniliyini qoruyub saxlanılır.

Arianlar deyirdilər ki, “doğulan” Oğulun, “doğulmayan” Ata ilə təbiətləri müxtəlifdir. Buna cavab verən Hilarius, hər bir yeni şeyin artıq mövcud olan şeylərdən yaranması, doğulması və ya “həqiqi olmayan” doğulmasından söhbət açırdı (quasi nativitas). “Həqiqi olmayan” doğulma eyni cinsli olan şeyin məkanda ayrılmasıdır. Buna misal odun bir məşəldən başqa məşələ verilməsidir. Bu halda yeni od yeniləşmiş olan köhnə oddur. O, ayrılmadan öncə də mövcuddur, lakin onun mövcudiyyəti köhnə odla eyniliyi təşkil edir. Yeni od köhnə oddan doğulur, onların cinsi eynidir. Buradan Hilarius Ata ilə Oğulun mahiyyətlərinin eyniliyini (konsubstansionallığını) sübuta yetirmək istəyirdi[2].

Latın atalarından ən tanınmış mütəfəkkirlərdən biri Stridonlu Hiyeronimus (Hieronymus Stridonensis) (340-420) olmuşdur. O, Stridon şəhərində anadan olmuşdur. Öz təhsilini Romada almışdır və orada da 366-cı ildə Xristianlığı qəbul etmişdir. 382-385 illərdə Hiyeronimus papaz Damasusun katibi olmuşdur.

Hiyeronimus öz dövrünün ən savadlı adamlarından biri idi. O, 180-dan çox əsərin müəllifi olmuşdur[3]. Hiyeronimus bir çox Bibliya kitablarına şərhlər yazmışdır. Əksər hallarda o, təvilləri, alleqoriyaları rədd edərək Müqəddəs Kitabı hərfi mənada izah edirdi.

Nəhayət Hiyeronimus ən böyük işi onun tərəfindən Əhdi-Ətiqin qədim yəhudi dilindən latın dilinə tərcüməsi və onun redaktə edilməsi olmuşdur. Bu tərcümə «Vulqata» adlandırılmışdı. Bundan sonra Roma imperiyasının qərbində Bibliyanın yunan tərcümələrinə ehtiyac qalmamışdı.

Daha bir məşhur latın kilsə atası Mediolan şəhərinin yepiskopu Medionlanlı Ambrosius (340-397) olmuşdu. O latın və yunan kilsə ənənələrinin bir-birinə yaxınlaşdırılması xəttini tutmuşdur. Ambrosius, yunandilli ilahiyyatçıların simvolik və alleqorik ekzegetik üsullarını qərb ənənəsinə daxil etmişdir. Onun ən məşhur əsərlərinindən biri «Exameron» (Dünyanın altı günə yaradılması) adlanır. Bu əsər «Yaradılış» kitabının birinci fəslinin şərhinə həsr edilmişdir. Bu şərhlər bir çox hallarda alleqoriyalar üzərində qurulmuşdur.



[1] De Trinitate I, 4.

[2] De Trinitate VII, 29.

[3] Hiyeronimusun əsərləri ingilis dilinə tərcümədə burada yerləşdirilmişdir.

GERİYƏ