Azərbaycanda dini durumun təhlili və dünyəvilik prinsiplərinin qorunması perspektivləri(15 mart 2014-cü ildə KİV-lərə verdiyim brifinqin mətni) 1. Azərbaycanda dini durumla bağlı olan reallıqlar Son zamanlar Azərbaycan ictimaiyyətində dini ekstremizm təhlükəsinin artması ilə bağlı narahatçılıq müşahidə edilir. Bunun təzahürləri artıq bir neçə il ərzində özünü göstərməkdədir. Ölkəmizdə ara-sıra dini terror halları qeydə alınır. Bu kimi halları KİV-lər işıqlandırırlar və bu hamıya məlumdur. Ancaq son zamanlar Suriyada güdən müharibə və, rəsmi rəqəmlərə görə, yüzlərlə azərbaycanlıların orada iştirak etməsi bu problemi daha da kəskinləşdirmişdir, cəmiyyətdəki narahatlığı artırmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda rəsmi ya da qeyri-rəsmi olaraq bir necə İslam dinininə aid təriqətlər fəaliyyət göstərir. Bunları şərti olaraq ənənəvi və qeyri-ənənəvilərə bölürlər. Ənənəvi olanlar yüzilliklər boyu ölkəmizdə olan cəfəri, hənəfi və şafiilərdir. Qeyri-ənənəvilər əsasən özlərini “sələfi” adlandıran qruplardır. Bu qrupların da arasında parçalanma müşahidə edilməkdədir və onlar öz növbəsində bir neçə təriqətlərə parçalanıblar. Bunlardan başqa “Nurçular”, “Fəzlullahçılar” kimi bəzi modernləşmiş İslam qrupları da vardır. Eyni zamanda bu təriqətlərin arasında dövlət və insanların həyatı üçün təhlükə törədən qruplar da vardır. Hansı təriqətin mənsubları olmalarından asılı olmayaraq, onların hamısını “Siyasiləşmiş İslam Qrupları” (bundan sonra SİQ adlandırılacaq) adlandırmaq olar. Onlar xüsusi olaraq ayrıca bir təriqət deyillər. Sadəcə mövcud olan ənənəvi nə qeyri-ənənəvi təriqətlərin içində radikal fikirli va müəyyən qədər təşkilatlanmış qruplardır. Beləliklə SİQ-çilər bütün İslamın təriqətlərində ola bilər. Bu səbəbdən, dövlət və cəmiyyət hansısa bir təriqətin ardıcıllarına qarşı olmamalıdır, məsələyə kompleks şəklində baxmalıdır. Hamıya aydın olmalıdır ki, SİQ ardıcılları bütün təriqətlərdə var ya da ola bilər. Ona görə də hansısa təriqətə qarşı kompaniya aparmaq doğru deyil, başqa tətbirlərə al atılmalıdır, bu barədə də aşağıda deyiləcək. Hansı təriqətdən olursa olsun, SİQ ardıcıllarının son məqsədi Şəriət qanunları ilə idarə olunan dövlətin qurulması, ya da Xilafətin bərpa edilməsidir. Bu məqsədə çatmağın yolunu da onlar cihadda (savaşda) görürlər. Ancaq bu savaşın formalarında və mahiyyətində onlar birliyə gələ bilmirlər və bu barədə onların arasında parçalanma müşahidə edilir. Müxtəlif İslam təriqətlərinin ardıcıllarının sayı müstəqillik dövründə dəfələrlə artmışdır və bu proses davam etməkdədir. Bu rəqəm artdıqca, onların arasında SİQ tərəfdarlarının təşkilatlanması prosesi baş verir. Onların sayı adi dindarlara nisbətən çox az olsa belə, onların fəaliyyətləri daha aktiv və təşkilatlanmış şəkildə qurulur. Bu da getdikcə dünyavi dövlətin və Azərbaycan dövlətçiliyinin əsasları, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükə mənbəyinə çevirilir. SİQ ardıcıllarının bəziləri xarici görkəmlə seçilir, dövlət qeydiyyatından keçən məscidlərə gəlir. Ancaq onların başqa bir böyük hissəsi gizli fəaliyyətdədirlər və xarici görkəmləri ilə seçilmirlər. Onlar iyerarxiyalanmış struktura malikdirlər. SİQ-lərin əsas məqsədi çoxkonfessiyalı Azərbaycanda məshəblər arası ədavəti qızışdırmaq, mötədil din ardıcıllarının mövqelərini zəyiflətmək, dünyavi cəmiyyətdə qarşıdurmalar yaratmaq, ictimai asayışı pozmaqdır. Mətbuatın yazdığına görə, onlar polis orqanları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında öz adamlarını yerləşdirib, onları ələ almaq istəyirlər. 2. Dini radikallığın səbəbləri Bu səbəblərin çox olduğuna baxmayaraq, indiyə qədər onlardan əsasən yalnız ikisi daha çox hallandırılırdı: xaricdən dəstəklənən təbliğat və SİQ-lərə gənclərin cəlb edilməsi üçün ayrınan maliyyə vəsaitləri. Belə bir fikir formalaşıb ki, bütün SİQ-lərin üzvləri pullarla və başqa vasitələrlə bu kimi təriqətlərə cəlb olunurlar. Ancaq əslində bu amil olsa belə, o heçdə həlledici deyil. Azərbaycanda dini radikallığın əsas mənbələri aşağıdakılardır: 1. Nəsillərin dəyişməsi. İllər getdikcə Sovetlər dönəmində doğulan və köhnə düşüncədə olan adamların sayı azalır ya da onların yaş həddi yüksəlir. Onların yerinə yeni nəsil gəlir. Bu nəsil də dəyərlər axtarışındadırlar. Bu prosesə dövlət hazır olmalı və əlindən gələni etməlidir ki, onlara dövlətçiliyi möhkəmlədən və ona qulluq edən dəyərləri versin. Köhnə dünyagörüşü və metodlardan artıq yavaş-yavaş çəkilməyin vaxtı gəlib çatmışdır. 2. Cəmiyyətdə sosial ədalətsizlik. Bu problemin kökündə məmur özbaşınalığı, korrupsiya, dövlət müəssisələrində insanları süründürməçiliyə salaraq onların alçaldılması və hüquqlarının pozulması, məhkəmələrin ədalətli hökm verməməsi kimi mənfi hallar durur. Azərbaycanda son zamanlar bu problemlərin çözülməsi yolunda çoxlu işlər görülüb. Ancaq hələ də bu kimi neqativ hallar cəmiyyətdə narazıçılığa gətirib çıxardır. Hüquqları mütəmadi olaraq pozulan insanlarda qisas hissi yaranır, bu bir bioloji instinktdir. Bu da özünü hər zaman müxtəlif formalarda göstərə bilər. Siyasiləşmənin səbəblərindən biri də budur ki, belə adamlar ədaləti dində, qisas hissini isə SİQ-lərdə ödəməyə meyilli olur. 3. İnsanların psixoloji problemləri. Bir çox hallarda sosial ədalətsizlik və cəmiyyətdə olan adətlərlə bağlıdır. Həyatlarında problemlərlə üzləşən, onları çözə bilməyən, ailə və cəmiyyətdə basılan və özünü göstərə bilməyən adamlarda cəmiyyətə qarşı nifrət yaranır və onlar özünü göstərmək və təsdiq etmək axtarışında olur. Bu kimi adamlar SİQ-lərin təbliğatına daha tez uyurlar. Çünki bu ideyalarda həyatlarının mənasını tapmaq istətirlər. 4. Xalq adətləri. Xalq adətləri ehkamların formalaşmasında mühüm rol oynayır. Sonra dini yapı bu adətlərin üstünə gəlir və sintezdə özünü göstərir. Təsadüfi deyil ki, İslam məktəblərində örf (adətlər) şəriətlə birlikdə hüquqi hökmlərin mənbəyidir. Radikal baxışlar da bu sintezdən qaynaqlanır. Azərbaycanda müasir tələblərə uyğun həyatın qurulmasına üstünlük verilir. Buna baxmayaraq, xalq adətlərinin mövqeləri qalmaqdadır və bu da insanların SİQ-lərə sürüklənməsində müəyyən rol oynayır. 5. İşsizlik, yoxsulluq. Azərbaycan iqtisadiyyətinin irəliləməsinə, yeni iş yerlərinin açılmasına baxmayaraq, işsizlik və ondan doğan yoxsullaşma prosesləri hələ də qalmaqdadır. Ümidsiz və üzülmüş insanların çoxluğu SİQ-lər üçün əlverişlidir. 6. Dövlətin radikal dini təbliğata qarşı öz ideologiyasını qoya bilməməsi. Sovetlər birliyi dağılandan, kommunizm ideologiyasının çökməsindən sonra Azərbaycanda dini təbliğatla ayaqlaşa və kütlələri cəlb edə biləcək fundamental ideologiya yaranmamışdır. Din isə fundamental ideologiyadır. Onu tarazlaşdırmaq üçün onunla ayaqlaşa bilən bir ideologiya qoyulmalıdır. Bu iş görülsə, SİQ-lərin sosial bazasını xeyli zəyiflətmək mümkün olacaq. 3. Problemlərdən çıxış yollarının istiqamətləri Müstəqillik dövründə dini radikalizmin qarşısının alınmasında müəyyən addımlar atılmışdır. Xüsusən bu işlə ölkənin güç strukturları - MTN və DİN məşğuldurlar. Qanunun aliliyi ən birinci şərtdir və bu iş, təbii ki, davam etdirilməli və təkmilləşdirilməlidir. 1. Dövlət sosial ədalət prinsiplərinin keşiyində durmalıdır, daim zamana uyğun olan islahatlar keçirməli, korrupsiyanın imkansız olması üçün möhkəm mexanizmlər yaratmalıdır. Burada təkcə bir məmurun başqası ilə dəyişdirilməsi o qədər də böyük rol oynamır. Məhz mexanizmlər yaranmalıdır ki, korrupsiya, süründürməçilik, özbaşınalıq kimi hallar mümkün olmasın. İndi dövlət bu istiqamətdə addımlar atır. Buna örnək kimi ASAN xidmətlərini göstərmək olar. Bu iş surətlə bütün sahələrdə davam etdirilməlidir. 2. Sosial ədalətsizlik probleminin həlli insanların psixoloji durumunun düzəldilməsində, özlərinə inam hissinin yüksəlməsində də böyük rol oynayır. Psixoloji cəhətdən güçlü, komplekssiz insanların arasında SİQ təbliğatının uğurlu aparılması çətinləşir. 3. Ziyanlı və geriçi xalq adətlərinə qarşı maarifçilik siyasəti ararmaq. Müasir dövrlə səsləşən dünya görüşünü önə çəkmək, KİV-lərdə bu barədə polemikalar aparmaq. Geriçi milli adətlərin və öyrəncəli həyat tərzini sarkastik, satiristik, ironik şəkildə tənqid edən resurslar olmalıdır. “Bizim milli adətlərimiz yaxşıdır, onları mütləq saxlamalıyıq” iddiasından çəkilib, müasirliyə uyğun olan yaşayış tərzinin və dünyagörüşünün üstünlükləri izah olunmalıdır. Müasir düşüncəli insanlara SİQ-lərin baxışları aşılamaq çox çətin olur. 4. Dövlət öz ideoloji əsalarını nəzəri cəhətdən formalaşdırıb, onları düşünülmüş şəkildə təbliğ etməlidir. Bu istiqamətdə ayrı elmi işlər olsa belə, onlar hələ də tam olaraq cəmiyyətə təqdim edilməyib. Bu günə qədər bu əsaslar fundamental olaraq işlənməyib, konkret şəkildə dərsliklərə salınmayıb. Dövlət öz dəyərlərini formalaşdırıb cəmiyyətə aşılasa, bu SİQ ideyalarına qarşı əhəmiyyətli vasitə olacaq. 4. Dünyavilik və sekulyarlıq (laiklik) prinsipləri Dünyavi dövlət belə bir quruluşdur ki, orada ictimai-siyasi-hüqiqu münasibətlər dinin deyil, yalnız vətəndaş qaydalarının əsasında məqsədəuyğunluq prinsipi ilə tənzimlənir. Dünyavi dövlətdə qanunlar dinlə əsaslandırıla bilməz. Bunula belə, ölkədə dini icmalar var və dövlət onlarla əməkdaşlıq edə bilər. Dünya dövlətlərinin əksəriyyəti dünyavidir və Azərbaycan da onlardan biridir. Dünyavi dövlətin ideoloji dayağı sekulyarlaşma və ya laiklikdir. Bu da əksər hallarda dinin rolunun cəmiyyətdə azalması, bəzən isə köhnəlmiş dinlərin ortalıqdan çıxması və müasir modern dünyagörüşü və inanclarla əvəz olunması kimi başa düşülür. Xüsusi qeyd edilməlidir ki, sekulyarlaşma və dünyavilik dinlərin rədd edilməsi ya da ateizm deyil, yalnız dinin ictimaiyyətdə payının azaldılması, dinlə cəmiyyət arasında tarazlığın yaradılması, inancların müasirliyə uyğunlaşdırılmasıdır. Həmdə sekulyarlaşma və dünyavilik dini qurumların fəaliyyətini dəstəkləyir, hörmət edir. Sadəcə onların siyasiləşməsinə, cəmiyyətdə həddən artıq çox yer tutmasına qarşı çıxır. Bu da tam normaldır. Çünki hər şeyin çox olması, həddini aşması ziyanlı olur. Bu həmdə dinlərə, inanclara aiddir. Bu prinsiplərin üzərində Azərbaycanda din-dövlət münasibətləri qurulur. Buna görə də məhz dünyaviliklə sekulyarmaşmaya həm nəzəri, ham də praktik cəhətdən önəm verilməlidir. Ancaq Azərbaycanda bu günə kimi bu istiqamətdə tədqiqatlar çox az aparılıb, sekulyarlığın, dünyaviliyin konsepsiyaları ortalığa çıxarılmayıb. Halbuki çoxlu sayda siyasiləşmiş dini saytlarda sekulyarlaşma və dünyavilik prinsipləri kəskin olaraq tənqid edilir. Deməli belə bir mənzərə yaranır ki, Azərbaycanın özünü dünyavi dövlət adlandırılmasına baxmayaraq, bu istiqamətdə öz nəzəri və praktik bazasını yaratmır, bu dəyərləri xalqa aşılamır, qorumur. Qarşı tərəf isə planlı şəkildə dünyavi dövlətin təməlini zəyiflədir. Azərbaycanlılar sekulyarlaşma haqqında bilgiləri yalnız dini tənqidçilərdən alırlar. Bu şəraitdə təbii ki, SİQ öz təbliğatlarını rahatlıqla keçirir və heç bir ciddi ideoloji müqavimətlə rastlaşmır. Belə getsə bu proses daha da dərinləşəcək. Azərbaycan artıq bu sekulyarlaşma və dünyaviliyin təbliğində çox gecikir. Məsələn keçmiş Sovet ölkələrindən Rusiya və Ukrainada, dini, o cümlədən radikal dini təbliğat olsa belə, onların ən azı İnternetdə və başqa KİV-lərdə sekulyar resursları, dünyavi ideologiyaları vardır ki, onlar cəmiyyətdə tarazlıq yaradır. Ölkəmizin bu işdə gecikməsinə baxmayaraq, bu işə başlanılmalıdır ki, müəyyən vaxtdan sonra nəticələr özünü göstərsin. Onu da xatırlamaq lazımdır ki, Azərbaycanda, başqa şərq ölkələrindən fərqli olaraq, keçmişdə dünyavilik və sekulyarlaşma ideyalarının nəzəri bazası yaradılmışdır və bu xətt özünü doğrultmuşdur. Örnək kimi M. F. Axundovun, M. Ə. Sabirin, C. Məmmədquluzadənin, C. Cabbarlının və başqalarının fəaliyyətini gətirmək olar. Bu işi yeni çağımızda davam etmək lazımdır. Çox zaman dövlət məmurları deyirlər ki, SİQ-lər xaricdən idarə olunur deyə, onlar yerli dini xadimlərin sözlərinə baxmırlar, buna görə SİQ ideyaların yayılması qarşısında durmaq çətindir. Bu doğrudur. Ancaq düyavilik və sekulyarlıq bizim əlimizdədir. Ancaq bu vasitədən hələ də istifadə olunmur. 5. Azərbaycan elmində və təhsilində olan problemlər 1. Humanitar elmlərdə, tədris kurslarında heç bir sistemlik və standartlar yoxdur. Fəlsəfə, sosiologiya, antropologiya, kulturologiya və başqa sahələr üzrə müəyyən qədər dərsliklər buraxılıb. Ancaq onlar ümumi xarakter daşıyır və Azərbaycan dövlətçiliyinə xidmət etmir. Dövlətçiliyimiz üçün ən vacib olan məqamlar onlarda, demək olar ki, əks olunmayıb. Elə dünyavilik və sekulyarlıq problemlərinin onlarda əks olunmaması bunun ən parlar nümunəsidir. 2. Dissertasiyaların “Dinşünaslıq”, “Din tarixi və fəlsəfəsi” indeksləri üzrə müdafiəsində hal-hazırda tam hərcmərclik hökm sürür. Məsələ burasındadır ki, tamamilə dünyavi və sekulyar olan və dinləri sadəcə araşdıran “dinşünaslıq” və “din tarixi və fəlsəfəsi” elmləri indeksi ilə bu gün faktiki olaraq ilahiyyatçılar və dini fəlsəfəçilər dissertasiyalarını müdafiə edirlər. İlahiyyatla dinşünaslığın, din fəlsəfəsi ilə dini fəlfəfənin mövzuları AAK və dissertasiya şuraların üzvləri bir-birindən ayırmırlar. Halbuki bunlar fərqli sahələrdir (aşağıda onların tərifləri verilib). Nəticədə də yaxın gələcəkdə ölkəmizdə dinşünaslar və din filosofları dünyavi adamlar deyil, ilahiyyatçılar və dini filofoflar olacaqlar. Bu da dövlət üçün yeni problemlər yaradacaq. Daha doğrusu artıq bu gün bu problem var. Burada elmi kateqoriyalara riayət edilməli, dinşünaslıqla ilahiyyət, din fəlsəfəsi ilə dini fəlsəfə sahələri ayrılmalıdır. Dinşünaslıq və din fəlsəfəsi neytral, tərəfsiz biz elmlərdir, onlar dini inacla bağlı deyil. Dinşünaslıq kimi dünyavi dinin təbliği üçün istifadə edilməməlidir. Təriflər: Məsələyə aydınlıq qətirmək üçün fənlərin tərifləri belədir: 3. Bu günə qədər Azərbaycan elmi terminologiyasında pozitiv biliklər və sahələr inanc və metafizik sahələrdən ayrılmır. Halbuki bütün dünyada bunlar arasında fərqlər qoyulur. Azərbaycan dilində həm ilahiyyat, həm də məsələn riyaziyyat kimi pozitiv-tətbiq sahələri “elm” sözü olə ifadə edilir. Deməli Azərbaycanda təcrübəyə deyil, yalnız inanca söykənən ilahiyyat da elmdir, təcrübə və yoxlanma ilə nəticələrini çıxardan riyaziyyat, kimya, tarix və başqa sahələr də elmdir. 6. Gözlənilən nəticələr Yuxarıda həm problemlər, həm də onlardan çıxış yollarının həllinin ümumi istiqamətləri göstərilmişdir. Bu kompleks tətbirlər həyata keçirilsə, SİQ-lərin sosial bazası xeyli azalmış, eyni zamanda Azərbaycan dövlətçiliyinin əsasları möhkəmlənmiş olacaq. Bu kompleks tətbirlərin nəticəsində ölkədə dinlə müasirliyin tarazlığı yaranacaq. |