Aydın Əlizadə
Azərbaycanda dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizi qorunmasında və inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də dövlət qurumları bu istiqamətdə məqsədyönlü iş aparmalı, bu günümüzə və gələcəyimizə yönəlmiş siyasət yeritməlidirlər. Bu siyasət təkcə dinlərarası dialoqun təmin olunması, dini qurumların hüquqi cəhətdən qanuni və ya qanunsuz fəaliyyət göstməsindən ibarət olmamalıdır. Dövlətin dini durumla bağlı siyasəti konseptual xarakter daşımalıdır. Bu konsepsiyanın əsasında milli maraqlar durmalıdır. Dövlət hansısa dini ideologiyanın təəssübkeşi ola bilməz, yalnız praqmatik siyasət yeritməlidir, çünki tarix göstərir ki, dinlər və ideologiyalar dəyişə bilər, lakin dövlət maraqları, milli müstəqilliyin prinsipləri dəyişməzdir. Hansı dini konfessiya, və ya ideologiya olursa olsun, Azərbaycan güclü, bölünməz dövlət olmalı və Azərbaycan xalqının milli maraqlarını təmin etməlidir.
Bu əbədi prinsipləri həyata keçirmək üçün dövlət dini qurumların fəaliyyətinə təkcə hüquqi və tənzimləmə prizmasından yanaşmamalı, bu sahədə öz maraqlarına uyğun hərəkət etməlidir. Məsələ burasındadır ki, dövlət-din münasibətləri konstruktiv xarakter daşımalı və bərabərlik prinsipinin üzərində qurulmalıdır. Tərəflər əməkdaşlıq edib ümumi məsələləri həll edə bilərlər. Lakin bəzi hallarda onların arasında fikir ayrılığı da ola bilər. Buna görə də dövlət dinlərlə bərəbər hüquqlu tərəf kimi, bu sahədə öz konsepsiyasını üzə çıxarmalıdır.
Bu konsepsiyanın demokratik prinsiplərə və mövcud qanunvericiliyə əsaslanmalıdır. Azərbaycan Konstitusiyasına görə, dövlət dini qurumların daxili işlərinə müdaxilə edə bilməz, lakin öz dövlət və milli ideologiyasını qura bilər. Bu ideologiyanın əsası bütün vətəndaşların dini etiqadından asılı olmayaraq bərabər hüquqlarını təmin etməli, vətəndaşları dini mənsubiyyətlərinə görə təqib etməməli, hər bir vətəndaşın dinini dəyişmək və ya ateist olma hüququnu tanımalıdır, heç bir dini və ya konfessiyanı başqasından uca tutmamalıdır.
Azərbaycan milli ideologiyanın qurulmasında dinlərin etik, əxlaqi cəhətlərindən geniş istifadə olunmalıdır. Bundan başqa, dinlərin potensialından müxtəlif ictimai tədbirlərdə istifadə edilməlidir (məsələn, xeyriyyəçilik işlərində, cəmiyyətdə yaranan bəzi ixtilaflı məqamların həll edilməsində). Hərbi quruculuq işlərində, icbari əmək düşərgələrində də bəzi dini ideyalardan istifadə edilə bilər. Əsgərlərin vətənpərvərlik hisslərinin tərbiyə edilməsində, dustaqların tərbiyələndirilməsi işlərində dini ideyaların rolu müsbət ola bilər.
Eyni zamanda dinlərin rolunu yalnız müsbət müstəvidə təqdim edilməsi də həqiqətə uyğun deyil. Məsələ burasındadır ki, dinlər fenomeni uzun müddətli tarixi mərhələlərdən keçmişdir. Bu tarixi proseslər zaman və məkan nöqteyi-nəzərdən tədqiq və təhlil edilməlidir. Dini ehkamlarda müxtəlif tarixi, siyasi, iqtisadi şəraitdə formalaşmış, müqəddəs mətnlər bu ruhda yozulmuşdur. Bu aspektlər qlobal miqyasda bəzən müsbət, bəzən isə mənfi nəticələrə gətirib çıxarmışdı. Tarixi dinamika baxımından demək olar ki, bu və ya digər millət hansısa dini ideologiyanı qəbul edəndən sonra intensiv inkişaf edə bilərdi. Buna misal olaraq, ərəblərin, sonra isə türk xalqlarının İslamı qəbul edəndən sonra inkişafını göstərmək olar. Avropada da bir çox xalqlar Xristianlığı qəbul edəndən sonra böyük uğurlar əldə etmişdirlər. Lakin sonrakı tarix onu göstərir ki, mütərəqqi potensial tükənəndən sonra dinlərdə ehkamlaşma meylləri artır, azad və mütərəqqi ruh itir. Bundan sonra hər hansı bir din hətta tərəqqiyə qarşı çıxış edə bilər, cəmiyyətlərdə qarşıdurmalara, millətlər arasında müharibələrə və başqa mənfi hallara təkan verə bilər. Orta əsrlərdə Avropada dini qarşıdurmalar, inkvizisiya, təriqətlər arasında ixtilaflar və s. mənfi misallar buna sübutdur. İslam dünyasında da buna bənzər hallar cox olmuşdur. Dini təəssübkeşlik bir neçə əsr davam edən müsəlman-xristian müharibələrinə təkən vermişdir.
Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmamışdır. 15-ci əsrdən başlanan və ən azı 2 əsr davam edən dini müharibələr yüzminlərlə insanların həyatına son qoymuş, şəhərlər və məntəqələr darma-dağın olmuşdur. Bu müharibələrin Azərbaycan xalqına psixoloji təsiri bu günə qədər qalmaqdadır. Eyni zamanda fərqli fikirli insanların təqib olunması və hətta edam olması faktları da vardır (məsələn, xürufilərin təqibləri).
Eyni zamanda dini dünyagörüşünün ehkamlaşması, tərəqqiyə qarşı çıxması, elmi yalnız dini ehkamlar çərçivəsində görməsi cəhdləri, Avropa və Yaxın və Orta Şərqin mənəvi tənəzzülünə səbəb olmuşdur. Dünyavilik, sekulyarizm və ateizm ideyaları məhz bu mənfi hallara qarşı inkişaf etmişdir. Zaman göstərdi ki, dünyavi düşüncə, nə qədər tənqidlərə məruz qalsa belə, yeni tarixi mərhələdə özünü daha da doğrultmuşdu, ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilmişdir. Bu sistemdə dinin də rolu mənəviyyat məsələlərində əvəzsiz olmuşdur.
Lakin, müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, 21-ci əsrdə də inkişaf etmiş dünya dini qarşıdurmaların şahididir. Yaxın və Orta Şərqdə gedən dinin siyasiləşməsi, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror prosesləri getməkdədir. Mənəviyyatın təkmilləşdirilməsi işində misilsiz rolu olan dini ideyalar siyasi müstəviyə keçərək, müəyyən dairələrin maraqlarını əks etdirməyə başlamışdır və bu bizim zamanəmizdə faciələrə səbəb olmuşdur.
Azərbaycanda dövlət-din konsepsiyalarının tərtib olunması, azərbaycançılıq ideologiyasının işlənməsi zamanı dinlərlə bağlı bütün bu mənfi halları, faktları diqqətlə öyrənmək, onları təhlil etmək lazımdır ki, bizim ölkəmizin bu günün də və gələcəyində bu cür faciələr təkrar olunmasın. İnsan faciəsindən başqa, bu cür halların təkrar olunması dövlətçiliyimizi məhv edə bilər. Dövlət-din münasibətlərinin konsepsiyanın tərtibi zamanı bütün tarixi amillər, dini ideologiyasının cəmiyyətimizə verə biləcəyi bütün aspektləri diqqətlə öyrənməli və nəzərə alınmalıdır.
Beləliklə, Azərbaycan milli ideologiyasında (azərbaycançılıqda) dinlə bağlı məqamlara səthi və popullist nöqteyi-nəzərdən yanaşılmamalıdır. Yalnız peşəkar və düşünülmüş siyasət yeridilməlidir. Burada təhlükəli məqam yaxın keçmişimiz də ola bilər. Sovet dövründə hakim olan ateist ideologiyasının iflasından sonra mənəvi boşluq yaranmışdır. Bu boşluğu doldurmağa müxtəlif ənənəvi və qeyri ənənəvi dinlər doldurmağa çalışaraq, öz təbliğatında yalnız pozitiv məqamları qabardaraq, problemli məqamları ört-bastır etməyə çalışırlar. Məqsəd isə öz təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə təsir etməkdən ibarətdir. Lakin son məqamda bu proses cəmiyyətdə parçalanma və qarşıdurmalara gətirib çıxara bilər. Bundan başqa bəzi dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların və yə şəxsi maraqların dayanması faktları da vardır.
Beləliklə, Azərbaycanda dini konsepsiyaların və milli ideologiyaların tərtib olunması zamanı cəmiyyətdə dini dünyagörüşünün bir neçə səviyyədən ibarət olması nəzərə alınmalıdır.
1. Fərdi səviyyə - dini ideyaların fərdlər tərəfindən mənəvi saflığ məqamına çatmaq üçün qəbul edilməsidir. Bu proses müsbət xarakter daşıyır. Dinin ardıcılları fərdi şəkildə özlərini dini dəyərlər ruhunda tərbiyələndirir. Bunun nəticəsində issanlar arasında saf və səmimi münasibətlər yarana bilər. Bundan başqa, Vətənə sevgi, vətənpərvərlik, xarici təcavüzlə mübarizə, cinayət tərkibli işlərdə iştirak etməkdən çəkinmə, xeyriyəçilik, ümumi mədəniyyət kimi müsbət hisslər inkişaf edə bilər. Bu cür vətəndaşların çoxalması dövlət maraqlarına uyğundur, çünki çox yüksək mədəniyyətli və təmiz qəlbli insanlarla nəhəng problemlərin həll olunması işi asanlaşır. Dinlərin bu cür potensialından Azərbaycançılıq ideologiyasının yaradılmasında istifadə etmək zəruridir. Sadəcə, milli ideoloqlar onu dövlətçiliyimizin maraqlarına uyğun şəkildə tədbiq olunmasını təmin etməlidirlər.
2. Dini dunyagörüşünün ictimai səviyyəsi də dövlət quruculuğu və milli ideyaların formalaşdırılmasında pozitiv rol oynaya bilər. Dili icmalar cəmiyyətin mədəniyyəti və əxlaqına müsbət təsir göstərə bilər. Onların dini qardaşlıq əsasında qurulan iqtisadi və ticarət fəaliyyətləri cəmiyyət üçün xeyrli ola bilər. Yüksək əxlaq prinsipləri əsasın da qurulan iqtisadi qurumlar dövlətin ümumi iqtisadi siyasətinin tərkib hissəsi ola bilər.
3. Dini dunyagörüşünün siyasi səviyyəsi gəldikdə isə, yuxarıda qeyd olunduğu kimi, burada müəyyən problemlər mövcuddur. Bir tərəfdən, dinin siyasiləşdirilməsi çoxlu problemlər yarada bilər. Lakin, digər tərəfdən dindarlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi, dövlət qurumlarının hər bir orqanında təmsil oluna bilər. Qeyd etmək lazımdır ki, saf dini əxlaqın ölkədaxili və xarici siyasətin hansısa məqamlarında istifadə oluna bilər və bunun xeyri də ola bilər. Məsələn dini dəyərlər əsasında cəmiyyətdə müəyyən ixtilaflı bəziyyətləri tənzimləmək olar. Lakin bu proses ölkə qanunlarına və Konstitusiyaya zidd olmamalıdır, dövlətin dünyavi xarakterinə xələl gətirməməlidir.
Beləliklə dövlətin dinlərə qarşı siyasəti bir neçə müstəvidə həyata keçirilməlidir. Birinci növbədə onlar arasında qarşılıqlı əməkdaşlıq və anlayış ab-havası qurulmalıdır. Hər iki tərəf qanunlara riayət etməli və problemləri sivil metodlarla həll etməlidir. Dövlət əhalinin dini sahədə maariflənməsində maraqlı olmalıdır. Konstitusiyamızın əsasında dövlət təhsilimiz yalnız dünyavi ola bilər və bu imkandan səmərəli istifadə edilməlidir. Kütləvi informasiya vasitələrinin də maariflənmə işlərində istifadə olunmalıdır: elmi, tarixi, fəlsəfi verilişlərin həcmi artırılmalıdır.
Maarifçilik təkcə dini sahəni deyil, həm də tarix, fəlsəfə, kulturologiya, incəsənət və tətbiqi elmlər sahəsində aparılmalıdır. Millətin dünyagörüşü artmalıdır, yalnız bundan sonra insanlar sağlam düşüncəyə malik ola bilib, birtərəfli propaqandanın təsiri altına düşməzlər. Səviyyə nə intellektual səviyyə qədər aşağı olsa, bir o qədər də mövhumata, təriqətçilik ideyalar üçün zəmin yaradılır. Maariflənmə işi getməsə müxtəlif ideologiyalarla mübarizə aparmaq mümkün olmayacaq, çünki yalnız hüquq-mühafizə və milli təhlükəsizlik orqanlarının gücü ilə daim bu problemi həll etmək mümkün olmayacaq.
Dünyavi təhsil sistemində humanitar fənlərin tədrisinə xüsusi fikir verilməlidir. Onlar gəncliyin dünyagörüşünün formalaşmasında həll edici rol oynayır. Ali məktəblərin humanitar fakültələrində isə dinə aid olan fənlərin keçilməsi zəruridir, çünki bu sahədə dünyavi dünyagörüşünə malik peşəkar kadrlar yetişdirilməlidir. Tədris metodu və fənlər isə dünyavi olmalıdır. Yəni dinlər dünyavilik nöqteyi-nəzərdən öyrinilməlidir və bu ruhda dərsliklər yazılmalıdır. Orada dinlərin fəlsəfəsi, dinşünaslıq, mədəniyyətşünaslıq, etika, estetika, fəlsəfə tarixi, tarix fənlərinin keçilməsi olduqca vacib məsələdir. Bununla cəmiyyətdə dinlərə münasibətdə müxtəlif fikirlər yaranır, polemika aparılır və heç bir dini cərəyanın ehkamları düşünülməmiş, əhalinin çoxu tərəfindən qəbul edilməmişdir. Lakin təəssüflər olsun ki, ali məktəblərdə humanitar fənlərin və xüsusi ilə fəlsəfi fənlərin tədrisi son vaxtlar məhdudlaşdırılmışdır. Bu proses davam etsə, gələcəkdə müəyyən problemlərin yaranması istisna edilə bilməz. Dünyagörüşü özü-özündən yarana bilməz, onu qidalandırmaq və inkişaf etdirmək lazımdır. Humanitar elmlərin tədris saatlarının məhdudlaşdırılması bu inkişafın qabağını alır. Bu cur gəncliyi isə radikal təriqət nümayəndələri asanlıqla öz təsiri altına ala bilər.
Maarifçiliklə bərabər cəmiyyətdə sosial problemləri effektiv həll etmək və əhalinin güzəranını yaxşılaşdırılmalıdır. Maddi cəhətdən çətinlik çəkən, sosial problemləri həll edilməyən xalqın arasında radikal ideyaların yayılması üçün əlverişli zəmin yaradır. Cəmiyyətdə olan qanunsuzluqlar, məmur özbaşınalığı, kütləvi rüşvətxorluq, korrupsiya halları da xalq arasında narazılığa səbəb olur. Belə olan halda sadə xalqın böyük bir hissəsi radikal dini ideyalara cəlb oluna bilər.
Beləliklə, dövlət ölkədə sabit dini duruma nail olmaq üçün böyük kompleksli tədbirlər həyata keçirməlidir. Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və bu sahəyə respublikanın elmi potensialı cəlb olunmalıdır.