Dünyagörüşü və onun çeşidləri

15 İyul 2011 .

Dünyagörüşü çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit və varsa, dunyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. İnsanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə ilişkidədirlər.

Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o gədər onların dünyagörüşü yetərli təməllərərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, yaşam prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər.

Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s. kimi duyğuları vardır. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da  dünyanın duyulması və anlaşılması prosesi baş verir.

Bununla belə, dünyagörüşü durğunluqda qalmış, dəyişkən olur. Burada yaşam boyu olan şübhələr böyük pol oynayır.Öncə aydın olan hər bir şey, zaman keçdikcə şübhə altına düşə bilər və bu normal prosesdir. Bunu etiraf edib dəyişən insanlar şübhələrə cavab axtarıb irəliləyirlər. Şübhələri boğanlar isə irəlləyişi əldə etməyərək ehkamçı olurlar.

Dünyagörüşü yaşamın təcrübəsi və çalışmalarla əldə olunan biliklər üzərində qurulur. Əski dönəmlərdən bəri sağlam düşüncəyə və gündəlik təcrübəyə arxalanan baxışlar toplusu olmuşdur. Buna yaşam fəlsəfəsi deyilir. Böyük kütlələri bürüyən yaşam fəlsəfəsinin önəmi olsa belə, o sistemsiz, qarışıq olaraq ortalığa çıxır. O nəzəri təməllərə arxalanmır. Buna görə də burada məntiqsizlik, emosiyalar yer alır. Bu nədənlə kütlələr arasında yanlışlığa gətirən baxışlar da yayqın olur. Bundan başqa, kütlələr arasında hər bir təcrübə sonda ehkamlaşa, gələnək (adət) durumunu ala da bilər. Bu da yüzilliklər boyu əsatirlərin yaranmasına gətirmişdir. Bu səbəblərdən də yaşam fəlsəfəsi qlobal problemlərin çözülməsində yetərsiz olur. Qlobal problemlər yalnız nəzəriyyələrə arxalanaraq çözülə bilərlər. Bunun üzərində qurulmuş dünyagörüşü artıq elmə, nəzəri sistemlərə dayanır.

Dünyagörüşünün üç çeşidi vardır. Bunlar mifoloji, dini və fəlsəfidir. Mifoloji dünyagörüşü ictimai inkişafın ilkin mərhələsidir, dünyanı anlama üsuludur, toplum düşüncəsinin formasıdır. Mifologiya əski toplumların əfsanə və əsatirlərini içəriləyir. Orada tanrılardan, igidlərdən və başqa əfsanəvi personajlardan söhbət açılır. Ancaq bu əsatirlərdə, artıq dünya yükümlü problemlərə cavablar vermək çabaları yer almışdır.

Mifologiyanın özəlliyi dünya ilə insanın, düşüncə ilə emosiyaların biliklə görüntülərin, obyektlə subyektin fərqlərinə varılmamasındadır. Bu anlayışlar əsatirlərlə birlikdədirlər.

Əsatirlər ibtidai düşüncədən doğur. Onlar əski çağlarda millətlərin dünyagörüşünün formalaşmasında böyük önəm daşımışdırlar. Əsatirlərin araçılığı ilə çeşidli ellərin mənəviyyatı və mədəniyyəti formalaşmışdır, dəyərlər sistemi yaranmışdır. Onlar incəsənətin, poeziyanın, musiqinin inkişafında böyük rol oynamışdırlar.

Dini düşüncə də insanların dünyagörüşünü formalaşdırır. Dini dünyagörüşün özəlliyi bütün varlığın dünyavi ilə səmaviyə bölgüsündədir. Burada səmaviliyin önəmi daha çoxdur. Bütün dinlərin özəyi bir Tanrıya ya da çox tanrılarla güclərə inancdır. Onlar insanın və bütün varlığın işlərinə qarışır, onları yönəldirlər, qanunlar qoyurlar. Dini dünyagörüşündə olan insanın bütün yaşamı, düşüncələri, davranışları inancdan irəli gəlir. Burada analitik, tənqidi yanaşma olmur, ya da çox az olur.

Mifoloji və dini dünyagörüşlərindən fərqli olaraq, fəlsəfi dünyagörüşü daha çox düşüncəyə, intellektual fəaliyyətə, təhlilə arxalanan baxışlar sistemidir.  Fəlsəfi dünyagörüşü gerçək müşahidələrə, məntiqi təhlilə dayanıb fantaziyaları, xəyalları, mövhumatı sıxışdırıb ortalıqdan çıxarır. Xalqın arasında yayılmış əsatirlərə belə yeni rasional və düşünülmüş don geyindirir, oturaqlaşmış gələnəklərə (ənənələrə) yeni nəfəs verir. Amac isə, hər şeyin kökünə varıb, onu olduğu kimi anlamaqdır. Beləliklə, fəlsəfi dünyagörüşü ən yetkin, doğruluğu olduğu kimi açan baxışlar toplusu kimi dəyərləndirilməkdədir.


Сайт управляется системой uCoz