Qədim Misir əsatirlərində ölümdən sonrakı yaşam

 

Əski misirlilərin inanclarına görə, bu dünyadakı həyat ölümlə bitmir, məzarda davam edir. Buna görə də onlar ölülərin bədənlərini mumyalayaraq çürüməkdən qorumağa böyük önəm verirdilər. Bundan başqa, onlar ölülər üçün geniş məzarlar qazmış, oraya yeyəcəkləri, məişət əşyalarını qoyurdular. Məzar bağlandıqdan sonra ölünün orada dirilib bütün bunlardan yararlandığını sanırdılar. Daha sona ölülərin ruhlarının (BA-larının) məzarlardan çıxması, tanrıların yanına qalxmaları, yeraltı dünyada gəzməsi inancları yaranmışdır.

Ölümdən sonrakı yaşamdan söyləyən bir çox bir çox əski Misir yazıları günümüzə ulaşmışdır. Ancaq onlardan ən tanınmışı Ölülər kitabıdır. Bu adı ona böyük alman bilgini, misirşünaslığı yaradanlardan biri olmuş K.R. Lepsius vermişdir. Əski Misir dilində isə bu yazı Rau nu peret em heru (Günün işığına çıxış haqqında fəsillər) adlanır.

Ölülər kitabı əski Misir himnləri və başqa yazıları içəriləyən bir topludur. Onu ölünün məzarına oradakı sınaqlardan uğurla çıxsın deyə qoyurdular. Orada 160-190-a qədər bir biri ilə bağlı olmayan çeşidli tutumlu yazılar vardır.

Deyimlərə görə, Ölülər kitabı çox əski dönəmlərdən (I-ci firon sülaləsinin çağlarından) günümüzə ulaşmışdır. Misirlilərin əski soyları bu kitaba dayanaraq öz inanclarını qurmuş, onun gücünə inanmışdırlar. O zaman onun himnləri ilə yalvarışlarını məzarların və tabutların üzərində yazırdılar. Buna görə də o, Piramidaların və Məzarların yazıları ilə uyuşmaqdadır. Təxminən XVIII-ci sülalənin çağlarından başlayaraq, onu papirusların üzərində yazmağa başlamışdırlar. Bu kimi papirusları Tebes şəhərinin məzarlıqlarında tapılmışdır. Orada mətnlərlə yanaşı rəsmlər də olmuşdur.

Sistemsiz yazılarla himnlərin toplusu olan Ölülər kitabında ölümdən sonrakı həyatlala bağlı görüntülər, başqa əxlaqi məqamlar da vardır (özəlliklə 1, 18, 30, 125-ci fəsillərdə). Bu da onun uzun yüzilliklər boyu oluşmasından bilgi verir. Özəlliklə bu kitabın maqiya ilə qarışığı olan mistik dini yazı adlandırmaq olar. Yazıların qarışıq olduğundan ayrı-ayrı yerlərdə onlara yozmalar da yazılmışdır. Örnək üçün onlar kitabın 17-ci fəsilində vardır.

Misirşünaslar Ölülər kitabının içindəkilərini şərti olaraq 4 bölümə ayırırlar:

1. 1-16-cı bölümlər - ölünün məzarlığa aparılması, Günəşlə Osirisə deyilən himnlər;

2. 17-63-cı bölümlər - Ölünün dirilməsi, onun qaranlığın gücləri üzərində üstünlüyü əldə etməsi, qarşıduranların gücsüzlüyü;

3. 64-129-cı bölümlər - Ölünün tanrıya çevrilməsi, Günəş qayığında üzməsi, gizliliklərin açılması, məzarına dönməsi, yarğıda (məhkəmədə) işinə baxılması;

4. 130-162-cı bölümlər - Ölüyə təriflər, onun üçün oxunan yalvarışların vaxtları.

Bundan başqa yazılar üçün çəkilər görüntülərin də böyük önəmi olmuşdür. Dünyanın ilk şəkilli kitabı elə Ölülər kitabı olmuşdur.

Kitabın 125-ci fəslində ölülər dünyasının tanrısı Osiris ölmüşlərin işlərinə baxır. Bu müvzuda yazılardan başqa burada şəkillər də çəkilmişdir. Bu şəkillərdə çar geyiminə bürünmüş Osiris uca taxtda oturmuşdur. Orada 42 əski Misir tanrıları da olmuşdur. Məhkəmə yerində çəki qurulmuşdur. Onun bir gözündə ölmüşün günahları (ürəyi), başqa gözündə isə doğruluq qoyulmuşdur. Dünya həyatında o kəs inanclı olub yaxşı işlər görmüşdürsə, onun günahları ilə doğruluğun çəkiləri bir olmuşdur. Belə olanda onu cənnətə göndərirdilər. Kimsə inancsız olub pis işlər görmüşdürsə, onun günahlarının çəkisi doğruluğun çəkisini üstələyirdi. Belə olanda onu bir əjdaha yeyirdi. Bundan başqa, kitabın 30-cu bölümündə olmuş kəs öz ürəyini ona qarşı şahidlik etməməyə çağırır.

400px-BD_Hunefer

Huneferin Ölülər kitabından görüntülər. Britaniya muzeyi, London.

Tebesdə 19-cu sülalənin çağlarında saray yazarı olmuş, təxminən eramızdan öncə 1310-cu ildə doğulmuş saray yazarı olan Hunefer "Ölülər kitabının" bir surətini yazılmışdır. Orada o özünü də Osirisin məhkəməsində təsvir etmişdir. Bu papirusda çaqqal-tanrı olan Anubis olmüş Hüneferi məhkəməyə gətirir. Orada onun günahları çəkiyə qoyulur. O özü isə Ammut tanrıcası ilə birlikdə olaraq, tanrı Totun yazısını gözləyir. Sonra sınaqlardan uğurla çıxmış Huneferi şahin başlı tanrı Horus, eləcə də tanrıcalar olan İsis və Neftis tanrı Osirisə təqdim edirlər.

Ölümdən sonra baş verən məhkəmə və orada qurulan çəki təktanrılı dinlərdə də vardır. Buna örnək olaraq Quranın aşağıdakı ayələrini göstərmək olar.

- Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. 21: 47;

- Elə çəkiləri ağır gələnlər (dünyada yaxşı işləri çox olanlar) qurtuluş taparlar 23: 102.

Beləliklə, öləndən sonrakı həyatda məhkəmə görüntüləri ən əski çağlardan bəri bilinməkdədir. Ancaq Misir deyimlərindən fərqli olaraq, İslamda bu çəki birbaşa ölümdən sonra deyil, gələcəkdə olan Qiyamət günü qurulacaq. Son məhkə mədə də o zaman olacaq. Ancaq İslam ənənəsində də ilkin sorğu-sual ölümdən sonra məzarda olur. Bunun üçün ölü hansısa mənada qalxır, məzara enmiş mələklərin sorularına cavab verir . Burada da əski misirlilərin və başqa xalqların inancları ilə bəlli qədər bənzərliklər görsənməkdədir. Beləcə, onlar da ölünün məzarda diriləcəyinə inanırdılar. Buna görə də oraya yeyəcəklər və başqa şeylər qoyurdular.

 

Сайт управляется системой uCoz