Batil məhvolmaya gətirir ya yox?

6 iyul 2013.

Dilman Şahmərdanlı (D. Ş.): Mürtəza Mütəhhəri yazmışdır: Cəmiyyət ümumilikdə batilə yönəldikdə məhvolmaya məhkum olur.

Aydın Əlizadə (A. A.): Nədənsə İslam haqqında heç nə bilməyən Avropa və Amerika məhv olmur. Çin, Yaponiya, Hindistanda hətta müşriklərdir, ancaq yenə də məhv olmurlar. Məhv olma nədir? Əksinə onların hər biri bütün müsəlman çoxluğu olan ölkələrdən çox irəlidədirlər hər bir cəhətdən.

D. Ş.: Diqqət! "Cəmiyyət ümumilikdə batilə yönəldikdə ". Tələsməyin. Batil qeyri-islam demək deyil. Cəmiyyətin tamamilə onları yaradana üz çevirməsi və bütün insani dəyərlərə arxa çevirməsidir. Hansı cəmiyyətlər belə olubsa, onlar yer üzündə yoxdur.

A. A.: İnsani sifətləri itirmiş Pol Pot, Hitler kimi qatilləri deyirsinizsə, doğru, onlara yer yoxdur. Ancaq başqa nə? İçki içirlər, Əxlaq dəyərləri heç də müsəlman ənənəsinə uyğun deyil. İqtisadiyyatları ənənəvi şərtlərinə ziddir. Yaşayış tərzi müsəlmanlarla uyğun deyil. Çoxları ateist ya da müşrik. Bundan artıq batil olar? Ancaq vardırlar və müsəlmanlardan yüz qat irəlidədirlər hər cəhətdən.
Onların irəlləyişi də o deməkdir ki, Allah onların tərəfindədir. Olmasaydı, onlar irəliləməzdirlər. Axı hər şeydə Allahın iradəsi vardır. Allah istəməsə o şey olmaz.

D. Ş.: Yenə də yanılırsınız. Əksəriyyətin ürəyi təmizdir. O birilər isə su üzərndəki köpük kimidir, partlayıb yoxa çıxacaq. Daim ümumi kütlə haqq və ədalət arxasınca olub. Sizə bir şey deyim. bu paylaşdığım, filosof Mürtəza Mütəhhərinin hazırda tərcüməsi ilə məşğul olduğum "Haqq və batil savaşı" kitabından idi. Allah qoysa, oxuyarsınız, onda müəllif hünərini alqışlayarsınız. Siz də Mütəhhərinin tənqid etdiyi bədbinlər sırasındasınız.
Allah irəliləmək istəyən hər kəsin tərəfndədir və bunun əqidəyə aidiyyatı yoxdur. Bunun isə insanın axirətdə səadət əhli olub-olmayacağı ilə əlaqəsi yoxdur. Onlar Alahın səbəb-nəticə əlaqəsini düzgün dərk edib və inkişaf ediblər, bu qədər sadə.

A. A.: Bir halda ki, gözümün qabağındadır hər şey, Mütəhərri mənim nəyimə gərəkdir? Gözümlə bunu görürəm, kifayət deyilmi? Yerin yumru olması haqqında mənə məgər müctəhid fitvası gərəkdir? Bu bir gerçəklikdir axı. Elə dediyiniz məsələ də onun kimi.

D. Ş.: Madam ki, görürsünüz, özü də heç bir yanlışlığa yol vermədən, kim sizə fitva verir! Qalın salamat.

A. A.: Hər halda Mütəhərrinin yuxarıda çəkdiyiniz tezisi ilə razı olmaq olmaz. Çünki gözümüzün önündə başqa şeydir. Ancaq bəlkə bu sözləri bir başqa mövzü haqqında deyibsə, onda bir söz deyə bilmərəm. Onda kontekstə baxılmalıdır.

D. Ş.: M. Mütəhhərinin tam sitatı budur: Batilin asılı və müvəqqəti varlığı var. Davamlı olan haqdır. Cəmiyyət ümumilikdə batilə yönəldikdə məhvolmaya məhkum olur. Yəni, tam şəkildə batilə yönəlmək və haqdan qırlmaqla eyni zamanda məhvolma başlanır. Batil ölümə məhkumdur, içdən ölür. Məsələn bu gün deyirlər ki, filan mədəniyyət məhvə məhkumdur, ölür. Çünki bəzi ölümlər tədricidir və onun birdəfəlik olması zəruri deyil.

A. A.: Aydındır. Ancaq bu da suallar doğurur. Çünki batil məhvə aparır. Doğru, bunu görürük. Ancaq haqq da məhv olur. Məsələn Əli hakimiyyəti nə qədər də haqq olsa da uçdu. Ümumiyyətlə bu varlıq sonlu olur - istər haqq, istər batil. Hər birisi öz vaxtını yaşayıb məhv olur.

D. Ş.: İnşallah bu kitabı oxuduqda görəcəksiniz ki, haqq heç zaman məhv olmur və əsas etibarilə bu qeyri-mümkündür. Haqqın məhv olması Allahın məhvidir. Heç zaman dəyişməyən mütləq haqq Allahdır və onun iradəs ibütün iradələrin fövqündədir.

A. A.: Dilman bəy, söhbət Allah haqqında deyil, gözümüzün önündə baş verənlər haqqındadır. Gözümüzün qarşısında isə odur ki, haqq da, batildə və ümumiyyətlə hər şey məhv olur. Öz zamanın yaşayıb ortalıqdan çıxır. Əslində isə hər bir adamın, toplumun öz haqqı va batili var. Onlar mücərrəd anlayışlardır, konkret deyillər. Örnək üçün, erməni üçün onun etdiyi haqdır, bizsə batil, bizim üçün əksinə. Ya da lap dində olsun: vahhabi özünü haqq bilir, şiəni batil. Şiə isə əksinə.
Buna görə haqq və batil yox, məqsədəuyğunluq var. Kimə nə sərf edir, o da haqdır. Sərf etməyənsə batil.