Aydın Arif oğlu Əlizadə

Aydın Əlizadə (Əliyev) - Azərbaycanlı fəlsəfə tarixçisi və araşdırmaçısı, dinşünası, dinlər tarixçisi, postmodern yazarı, maarifçisi, polemisti, esseistidir.

Gənclik və yetkinlik illəri

21 oktyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur.

1980-ci ildə Bakının 189 N-li orta məktəbini bitirdikdən sonra 1981-88-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi bölməsində oxumuş, oranı bitirərək inşaat mühəndisi diplomunu almışdır.

1981-83-cü illərdə Bakıda Sovetlər Birliyinin Xəzər hərbi dəniz donanmasında qulluq etmişdir.

Məktəbli yaşından işləməyə başlamışdır. 1978-2000-ci illər boyu Bakı İstehsalat Qaz idarəsində ("Bakqaz"da) işləmişdir. Orada iş fəaliyyətinə evlərdə qaz cihazlarını təmir edən çilingər, əsgərlikdən qayıdandan sonra isə küçələrdə qaz kəmərlərini çəkən fəhlə kimi başlamışdır.

1985-92 illərdə Bakı İstehsalat Qaz idarəsin qəza xidmətinin mühəndisi, sonra isə növbə rəisi olmuşdur.

1993-1998 illərdə Yasamal rayonu qaz idarəsinin sahə rəisi vəzifəsini tutmuşdur.

Bundan iki il sonra istehsalatdakı fəaliyyətini bitirmiş, sonra iki ilə yaxın işsiz olmuşdur. Daha sonra yeni ixtisasa yiyələnmiş, elmi və müəllimlik fəaliyyətinə başlamışdır. Həyatının köklü olaraq dəyişməsinin səbəbini Aydın Əlizadə qısa olaraq belə anlatmışdır:

  Həyatımın 35 yaşında məni dəhşət bürüdü. Özüm özümə “Deməli ölənə qədər küçələrdə boruları çəkəcəyəm, qaynaqçı fəhlələrlə təlim verəcəyəm, sakinlərin qapılarını qəzərək onların qaz pulunu ödəyib-ödəmədiklərini öyrənəcəyəm?” sualını verdim. Axı mən bunun üçün dünyaya gəlməmişəm! Yaşamımı dəyişməli, mənim ruhuma uyğun olan işlərə qatılmalıyam. Bunun üstündə də dayandım. Müdir olmağıma baxmayaraq, istefa verdim, az sonra isə istehsalatdakı işimə son qoydum, oradan həmişəlik ayrıldım. Bunu edəndən sonra yaşamım dəyişdi, ruhum şad oldu. Çünki məni irəlidə çox ilginc və məzmunlu həyat gözləyirdi”. [1]  

Elmi və ictimai fəaliyyəti

Fəlsəfə elmləri üzrə fəaliyyəti 1997-2000-ci illərdən başlamışdır. Hələ istehsalatda işləyərkən Aydın Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda dissertant olmuş, 2001-ci ildə isə fəlsəfə tarixi üzrə dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri namizədi adını qazanmışdır.

2008-ci ildə fəlsəfə tarixi elmləri üzrə daha bir dissertasiyanı müdafiə edərək, fəlsəfə elmləri doktoru adını qazanmışdır.

Bir neçə elmi konfranslarda iştirak edib, məruzələrlə çıxış etmişdir [2].

2003-cü ildən başlayaraq bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışır. Orada kiçik elmi işçidən baş elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. Hazırda bu İnstitutun "Dinşünaslıq və mədəniyyətin fəlsəfəsi problemləri" şöbəsinin elmi işlər üzrə müdir müavinidir. Fəlsəfə və Hüquq İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

Elmdə ən böyük uğurlarını dinşünaslıq, dinlərin fəlsəfəsi, dinlərin tarixi sahələrində qazanmışdır. Onun bu sahədə ixtisaslaşması tarixi zərurətdən doğurdu. Çünki o zaman Azərbaycan və keçmiş Sovet məkanının başqa ölkələri böyük sarsıntılar içində idi. Sovetlər ölkəsi dağılmış, kommunizm ideologiyası çökmüşdür. Bu səbəbdən cəmiyyətdə ideoloji boşluq və gələcəyə inamsızlıq hökm sürürdü.

Bu şəraitdə fəlsəfə elmində ilk addımlarını atan Aydın Əlizadə məhz bu məsələ ilə məşğul olmuşdur. Həmən dövrdə o çıxış yolunu ənənəvi dini ideologiyada görmüşdür, onun fikrincə ənənəvi dünyagörüşü bu boşluğu doldura bilərdi. Həm də o dövrdə Sovet məkanındakı xalqlarının, o cümlədən müsəlman xalqlarının İslam dini haqqında bilikləri az idi. Buna görə də Aydın Əlizadə İslam dininin tarixi və fəlsəfəsini araşdırmağa başlamışdır. O zaman onun bəzi dini qruplar və icmalarla da əlaqələri var idi.

Aydın Əlizadənin ilk dərc etdiyi əsər “Quran və Bibliya: müqayisəli təhlil” (2002) monoqrafiyası olmuşdur. Bu monoqrafiyada o Xristian və İslamın ilk mənbələrini müqayisəli təhlilə məruz qoymuşdur. Bu kitab sonralar bəzi tanınmış Rusiya[3] və Ukrainanın[4] elektron portallarında dərc edilmişdir.

Bundan sonra Aydın Əlizadə Moskvada “İslam dövlətlərinin tarixi xronikası (hicrətin I-VII yüzilliklərində)” adlı ikinci kitabını dərc etmişdir. Bu kitabın işıq üzü görməsində də ona “Ümmət” yayım evinin direktoru Aslambek Ejayev yardım etmiş, bütün xərcləri öz üzərinə götürmüşdür. Kitab iki dəfə: 2004 və 2008-ci illərdə nəşr olunmuşdur. [5]

Daha sonra Aydın Əlizadə Moskvada rus dilində "İslam Ensiklopedik lüğətini (sözlüyünü)" (2007) dərc etmişdir. Bu işdə ona tanınmış “Islam.ru” saytının baş redaktoru və “Ansar” yayım evinin müdiri Marat Seyfəddinov yardım etmiş, kitabın işıq üzü görməsi üçün bütün xərclərini çəkmişdir. [6]

Bu iki kitab keçmiş Sovet məkanında müsəlman xalqlarının özünüdərkində böyük rol oynamışdır. Onlar böyük tirajlarla buraxılıb satılmışdır. Daha sonra onları Rusiyanın, Ukraynanın, Qazaxıstanın və başqa ölkələrin rəsmi İslam saytları öz səhifələrində yerləşdirmişdirlər [7]. Bundan başqa çoxlu sayda rusdilli alimlər bu günə kimi o kitablara istinad edirlər [8]. Bu iki kitabların fraqmentləri daha sonra məqalələr şəklinə salınıb, rusdilli “Vikipediya”, “Kruqozor” və başqa ensiklopediyalarda yayımlanmışdır [9].

Eyni zamanda, İslam dünyagörüşünün populyarlaşması, eləcə də rusdilli oxucuları İslamın fəlsəfi, tarixi, dünyagörüşü aspektləri ilə tanış etməsi məqsədi ilə Aydın Əlizadə “İslam olduğu kimi” saytını (2001—2007-ci illərdə fəaliyyət göstərmişdir) və “İslam haqq dindir” elektron poçt yayımını (2000—2004-cü illərdə fəaliyyət göstərmişdir) yaratmışdır. Bu resurslarda o özünün və başqa müəlliflərin yazılarını yayımlayırdı. Samarada açılmış məhkəmə prosesi kimi bir çox olaylar onu deməyə əsas verir ki, rusdilli oxucuların İslam mədəniyyəti ilə yaxından tanış olmasında Aydın Əlizadənin işlərinin özəl yeri olmuşdur.

Daha sonra Aydın Əlizadə “Heretiklər” (1999—2001), “Andrey Kurayevin forumu” (2001—2009), “Söz-Loqos” (2010—2011) adlı dini-fəlsəfi internet forumlarında fəal iştirak etmişdir. Orada apardığı şəkişmələr əsasında öz polemik kitablarını yazmışdır.

Aydın Əlizadə polemika sahəsində uğurlar qazandıqdan sonra, Marat SEyfətdinov onu 2006-cı ildə Moskvada keçirilən müsəlman-xristian disputuna dəvət etdilər. Bu disput Moskvanın Turgenyev adına kitabxanasında keçirilmişdir. Müsəlman tərəfindən əsas məruzəçi İslamı qəbul etmiş keçmiş keşiş Vyaçeslav Polosin idi, xristian tərəfini isə keşiş Daniil Sısoyev təmsil edirdi. Aydın Əlizadə də bu disputda V. Polosinin yardımçısı və məsləhətçisi idi. [10]

Bu disputu uğurla başa vurandan sonra Aydın Əlizadə 2007-ci ildə apologetik mövzuda öz diskussiyalarını, disputlarını, çəkişmələrini yekunlaşdıraraq, onları bir araya yığmış və “İslam apologetikası” adı ilə kitab şəklində rus dilində dərc etmişdir. [11]

Bundan sonra o kitabını Vyaçeslav Polosinə Moskvaya yollayır. V. Polosin bu kitabı redaktə edib, ona əlavələr etmişdir. Bundan sonra onun təşəbbüsü ilə İslam apologetikası ikili müəllifliklə "İslam siz bildiyiniz kimi deyil" adı ilə 2007-ci ildə Moskvada dərc olundu[12]. Kitabın xərclərini “Ansar” yayım evinin direktoru və “Islam.ru” saytının baş redaktoru Marat Seyfətdinov öz üzərinə götürdü.

İslam apologetikasının yaradılması da keçmiş Sovet məkanında yaşayan müsəlmanların dünyagörüşünün artmasında, onların öz mədəniyyətlərinə qayıdışında, özlərinə inamın artmasında, eləcə də əqidələrindən asılı olmayaraq bu mövzu ilə maraqlanan bütün insanların müsəlman sivilizasiyası ilə tanış olmalarında böyük rol oynamışdır. Bu sahədə Aydın Əlizadənin işləri böyük əhəmiyyət kəsb etmişdir. Xristian müəllifləri isə bu kitablarda olan materialları tənqid etmiş, onları təkzib etməyə cəhd etmişdirlər [13] [14].

Xristianlarla polemikalar aparan Aydın Əlizadə eyni zamanda Xristianlığı da dərindən araşdırmağa başlamışdır. Getdikcə Xristian fəlsəfəsinə rəğbəti artmışdır və bu araşdırmaların sonunda bu mövzuda Azərbaycan dilində “Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar)” kitabını yazmışdır [15]. Bu kitab yeni çağda Azərbaycan dilində Xristian tarixi və fəlsəfəsi mövzusunda yazılan ilk əsər olmuşdur. Bu kitab AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının gərarı ilə 2007-ci ildə çap edilmişdir. Bu kitab bilicilər və mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Bir çox fəlsəfə müəllimləri onun əsasında mühazirələr hazırlayırlar.

Beləliklə, Aydın Əlizadə Rusiya və MDB məkanında həm müsəlman dünyagörüşünün tanınmasında, həm müsəlmanların dünyagörüşünün genişlənməsində, həm də azərbaycanlıların nəzəri baxımdan xristian tarixi, mədəniyyəti və fəlsəfəsi ilə tanış olmasında böyük işlər görmüşdür.

Aydın Əlizadənin 2009-cu ildə “İslamda ilahi və dünyəvi hakimiyyət” mövzusundə müdafiə etdiyi doktorluq dissertasiyası və onun əsasında yazdığı monoqrafiyası da Rusiyada maraqla qarşılanmışdır. Çünki orada İslamda hakimiyyətlə bağlı problemlər araşdırılmışdır. Bu isə son zamanlar aktual olan dini ekstremizm problemi ilə bağlı olan məsələdir. Ona görə də bu kitabı Moskvanın “İslamda orta yol” cəmiyyətinin sədri Vyaçeslav Polosin 2013-cü ildə öz hesabına çap etdirmişdir. Kitabın prezentasiyası 2013-cü ilin iyununda Rusiyanın Pyatiqorsk şəhərində keçirilmişdir.[16]

İslam ənənəvi ilahiyyatı, hüququ, tarixi, apologetikası ilə dərindən tanış olan Aydın Əlizadə sonralar bu irsin özünə də tənqidi yanaşmışdır, onun çağdaş dünyaya və zamana uyğun olmaması qərarına gəlmişdir. Bundan sonra o, müsəlman dünyagörüşündə islahatların aparılmasının gərəkliliyi nəticəsinə gəlmişdir və özünü modernizm tərəfdarı kimi göstərməyə başlamışdır. Bu yönümdə o, öz fikirlərini Bakıda rus dilində yayımladığı “Çağdaş İslam dünyagörüşünün problemləri (dini-fəlsəfi dialoqlar)” (2009) adlı polemik kitabında açıqlamışdır. [17]

Samara şəhərində məhkəmə

2008—2009-illərdə Aydın Əlizadəyə qarşı Rusiyanın Samara şəhərində məhkəmə işi aparılmışdır. Bu işin səbəbi də 16 mart 2007-ci ildə Samara məscidində onun “Novruz bayramı və İslam qanunları” adlı məqaləsinin yayılması olmuşdur. Bu məqaləni o zaman apardığı “İslam olduğu kimi” saytından götürmüşdürlər [18]. Məqalədə Novruz bayramının tarixi və onun İslam ənənəsi ilə uzlaşması məsələlərinə toxunulmuşdur.

Məqalənin yalnız məlumat xarakterli olmasına baxmayaraq, Samara vilayətinin təhlükəsizlik orqanlarının (FSB-nin) nümayəndələri orada milli və dini ayrıseçkiliyin əlamətlərinin olduğunu iddia etmiş və işi məhkəməyə yollamışdırlar. Məqsəd də “İslam olduğu kimi” saytını ekstremist elan edilməsi və onun fəaliyyətinə son qoyulması idi.

Bundan sonra məhkəmənin ilkin qərarı ilə saytın fəaliyyətinə qadağan qoyulmuşdur. Ancaq sonra bu işə uzun müddət baxılmış və məsələlərə aydınlıq gətirmək üçün 3 dinşünaslıq ekspertizaları təyin olunmuşdur. Sonda hakim Olqa Krivitskaya prokurorun Aydın Əlizadənin “İslam olduğu kimi” saytının və “Novruz bayramı və İslam qanunları” məqaləsini ekstremist materiallar elan edilməsi cəhdini əsassız sayaraq, bu işi bağladı. Hakimin fikrincə prokuror öz ittihamını əsaslandıra bilməmişdir. Bu məhkəmə proseslərində Aydın Əlizadəni onu vəkil Rüstəm Vəliullin təmsil edirdi[19].

Məhkəmə Aydın Əlizadəyə qarşı ittihamların əsassız olduğu qərarına gəlməsinə baxmayaraq, o “İslam olduğu kimi” saytının fəaliyyətinə son qoydu, onun açılması barədə səlahiyyətli orqanlara müraciət etmədi. Bunun səbəbini də belə izah etmişdir:

  Mən ilahiyyatçı deyiləm və yalnız bir dinşünas kimi informasiya qıtlığı şəraitində oxucuları İslam dünyagörüşü, fəlsəfəsi və tarixi ilə tanış edirdim və öz elmi işlərimi orada yerləşdirirdim. Ancaq zaman keçdikcə bu işlə məşğul olmurdum və bu sayt uzun müddət yenilənmirdi. Buna görə o məhkəmə prosesindən sonra mən bu saytın ləğv edilməsi qərarına gəldim. Çünki hesab etdim ki, internetdə artıq çoxlu İslam yönümlü saytların açılmasına görə onun fəaliyyətinə artıq ehtiyac qalmamışdır. "İslam olduğu kimi" saytında yerləşdirilmiş elmi işlərimi isə öz şəxsi saytımda yerləşdirdim [20].  

Novruz haqqında məhkəmə işi o zaman Rusiya mətbuatı tərəfindən izlənilirdi [21][22], bu barədə analitik məqalələr yazılmış [23], müsahibələr alınmışdır[24].

Aydın Əlizadənin məhkəmə işindən sonra Rusiyada bir neçə il ərzində bir çox müsəlman yayım evlərinə və internet-saytlarına qarşı məhkəmə işləri açılmış, onların bir çoxu ekstremist elan olunmuşdur. Bu məhkəmələr silsiləsində Aydın Əlizadənin işi birinci idi[25].

Ədəbi fəaliyyəti

Elmi fəaliyyəti ilə birlikdə Aydın Əlizadə 2011-ci ildən başlayaraq ədəbi fəaliyyəti ilə də məşğul olmuşdur. O, fəlsəfi və ədəbi esselərin müəllifidir. Bu yazıları həm klassik, həm də daha çox postmodern üslubda yazmışdır. Onun bu kimi yazılarında yüksək ədəbi, elmi-fəlsəfi kateqoriyalarla bayağı, küçə, kütləvi janrı birləşmiş, onların arasında sərhəd qoyulmamışdır. Bu kimi məqalələr onun şəxsi saytında, həmdə bir hissəsi Kultura.az: Mədəniyyət və incəsənət portalında yayımlanmışdır.

Aydın Əlizadə bir çox postmodern üslubunda yazılmış esselərində, felyetonlarında yüksək fəlsəfi ideyaları, fikirləri, kateqoriyaları kütlələrin öyrəşdiyi anlamlarla vermiş, hətta küçə dilindən, jarqonlardan, ənənəvi olaraq ədəbsiz sayılan söz və anlayışlarından istifadə etmişdir. Bu kimi əsərlərində o cəmiyyətimizin problemlərini hironik, sarkastik, epataj, travestiya üslublarında açmışdır. Ümumiyyətlə Azərbaycan fəlsəfi və ədəbi dünyasında postmodern üslubunundan geniş istifadə edən ilk müəlliflərdən biridir. Postmodern üslubunda yazılmış yazılarını əsasən Fasebook səhifəsində yerləşdirir.

Postmodern üslubuna keçməklə Aydın Əlizadə elə bil öz iki hissədən ibarət olan həyatını birləşdirə bilmişdir. Çünki öncə uzun illər boyu fəhlə olmuş, istehsalatda işləmişdir. Orada sadə insanlarla ünsiyyətdə olmuşdur. O sadə xalq kütlələrinin dilini, psixologiyasını, anlayışlarını, ruhunu, jarqonlarını, zarafatlarını mənimsəmiş və anlamışdır. Sonra elmi fəaliyyətə keçəndən, orada uğurlar qazanandan sonra sadə xalq dilini və psixologiyasını yüksək elmi-fəlsəfi kateqoriyalarla postmodern üslubunda birləşdirib əsərlərində ifadə edə bilmişdir.

Bundan başqa, Aydın Əlizadə gənclik illərindən başlayaraq öz dost və tanışları ilə çayxanalarda görüşmüş orada vaxtını maraqlı söhbətlərdə keçirtmişdir. Təbii ki, bu söhbətlər zarafatlarla, komik obrazlarla və söyüşlərlə müşaiyət olunurdu. Ona görə də o çayxana söhbətləri də Aydın Əlizadənin postmodern üslubda yaradıcılığına təkan vermişdir. O özü bu barədə belə demişdir:

  Çayxana söhbətləri, zarafatları və söyüşləri mənim dünyagörüşümün formalaşmasında, onun genişlənməsində çox böyük rol oynamışdır. Bəzən çayxanaya bizdə qeyri-ciddi yer, avaraxana kimi baxırlar. Ancaq əslində məhz çayxanalarda mən bir çox maraqlı insanlarla tanış olub dostluq etdim. Onlarla hətta zarafatla dolu olan söhbətlərimizdə əslində dərin fikirlər irəliyə sürürdük. Hefslənirəm ki, uzun illər boyu etdiyimiz söhbətləri qələmə ala bilmədim. Nə qədər dahi fikirlər boşa getdi! Ancaq son zamanlar etdiyim söhbətləri yazdım. Onlar da yeni postmodern yaradıcılığıma böyük təkan verdilər. Artıq mənim üçün bütün dünya böyük bir hironiya, sarkazmla dolu bir "Çayxanaya" çevirildi. Bundan sonra həyatımda olan bütüm maraqlı hadisələri və söhbətləri gələmə almağa başladım".[26]  

Buna görə təsadüfi deyil ki, Aydın Əlizadə müxtəlif mövzulu postmodernist yazılarını Çayxana başlığı altında birləşdirmiş, bu mövzuda ayrıca internet saytı yaratmışdır.

Klassik üslubda yazılmış esselər isə bu səhifədə yerləşdirilmişdir.

Müəllimlik fəaliyyəti

2005-2009-cu illərdə Bakı Musiqi Akademiyasının "İctimai fənlər" və Bakı Dövlət Universitetinin "Fəlsəfə tarixi və mədəniyyətşünaslıq" kafedralarında fəlsəfə, mədəniyyətşünaslıq, din fəlsəfəsi, dinlərin tarixi fənləri üzrə mühazirələr oxumuşdur. 2008-ci ildə dosent adını almışdır.

2012-2014 illərdə Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasında "Ekologiya", “Sosial antropologiya”, “Əməyin sosiologiyası” fənlərindən dərs demişdir.

2014-cü ilin aprel ayında Əl-Fərabi adına Qazaxstan Milli Universitetinə "Dinşünaslıq" fənni üzrə mühazirələr kursu oxumaq üçün dəvət edilmişdir.

İstinadlar

  1. Aydın Arif oğlu Əlizadə (Əliyev)
  2. Konfranslar
  3. [ http://www.gumer.info/bogoslov_Buks/comporative_bogoslov/aidun/index.php Коран и Библия: сравнительный анализ]
  4. [ http://www.psylib.org.ua/books/aliza01/index.htm Коран и Библия: сравнительный анализ]
  5. Хроника мусульманских государств I-VII вв. xиджры.
  6. Исламский энциклопедический словарь
  7. Центральная мечеть г. Алматы
  8. Цитирования моих статей
  9. Йемен
  10. Второй Диспут с Мусульманами(Сысоев vs Полосин)
  11. Исламская апологетика. Ответы критикам Ислама.
  12. Ислам не такой! А какой? 40 ответов критикам Корана и Сунны (в соавторстве с А. В. Полосиным)
  13. Евгений Савенко
  14. Александр Дайяр
  15. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar)
  16. Божественная и земная власть в Исламском мировоззрении.
  17. Проблемы современного исламского мировоззрения. (Религиозно-философские диалоги)
  18. Андрей Бондаренко Желтая карточка для самарского имама // Независимая газета, 02.11.2007
  19. Суд отказался признать брошюру «Праздник Ноуруз и исламская доктрина» экстремистским материалом
  20. Судебный процесс относительно статьи "Новруз и исламская доктрина" (2007-2009)
  21. Прокуратура продвигает экстремистский сайт // Журнал "Коммерсантъ Власть" № 10 от 17.03.2008. — С. 62
  22. В Самаре мусульманский сайт признан экстремистским и запрещен решением суда
  23. Алексей Макаркин. Настоящий экстремизм // Ежедневный журнал
  24. Интервью по «Делу о Новрузе»
  25. Остановить запреты на литературу
  26. Aydın Arif oğlu Əlizadə (Əliyev)

http://aydinalizade.ucoz.ru/contents.html

 

===========================================================================================================

 

Səkkizillik təhsil haqqında şəhadətnamə

 

Bakı İstehsalat Qaz İdarəsi "Bakqaz"-ın Mərkəzi Qəza Xidmətinin növbə rəyisi vəsiqəsi

 

"Bakqaz"-ın həmkarlar İttifaqının vəsiqəsi

 

Bakı turizm bürosunun nəzdində əkskursiya araranlar kurslarının şəhadətnaməsi